KOFİ ANNAN BMT-DƏ KÖKLÜ İSLAHAT TƏKLİF EDİR
Annan BMT-nin bəzi texniki qurumlarını, o cümlədən sənədlərin tərcüməsi və nəşri, mühasibat uçotu və kompyuterlərə texniki dəstəklə məşğul olan xidmətləri Nyu-Yorkun hüdudlarından kənara çıxarmağı, yaxud podratçıların sərəncamına verməyi də təklif edir. O, BMT çərçivəsində çevik sülhməramlı bölmə də təşkil olunmasını istəyir. Elə bölmə ki, zəruri hallarda dünyanın müxtəlif bölgələrində təcili göndərilə bilsin.
Mütəxəssislərin qənaətincə, Baş katibin məruzəsi İraq üçün “ərzaq müqabilində neft” proqramı ilə bağlı sui-istifadə halları araşdırıldıqdan sonra BMT-nin ünvanına səslənmiş tənqidlərə cavabdır.
Annan demişdir: “BMT binası 56 ildən sonra tamamilə yenidən qurulmalıdır. Bu illər ərzində burada ancaq xırda-para təmir işləri aparılmışdır. Bundan başqa, təşkilat həmçinin strateji cəhətdən yenidən təchiz edilməlidir”.
Onun irəli sürdüyü təkliflər ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənsə də, gözlənildiyinə görə, inkişaf etməkdə olan ölkələr onları çox da müsbət qarşılamayacaqlar. BMT-nin bəzi üzvləri bundan ehtiyatlanırlar ki, islahat nəticəsində Baş katib çox böyük ixtiyar alacaqdır.
Məruzəni BMT aparatının işçiləri də çox narahatlıqla qarşılamışlar, çünki onların çoxu işini itirməkdən qorxur. Annan aparatın işçiləri ilə görüşdə əməkdaşların bir qisminin yeni quruma uyğun gəlmədiyini və kutləvi surətdə işdənçıxarmadan söhbət getmədiyini vurğulamışdır.
Hazırda BMT-nin 30 min əməkdaşının yarısından çoxu təşkilatın iqamətgahından kənarda işləyir. Dünyanın 16 “qaynar nöqtə”sində BMT-nin 80 min sülhməramlısı çalışır. Təşkilatın 10 milyard dollar olan illik büdcəsinin 70 faizindən çoxu məhz sülhməramlı əməliyyatlara gedir.