“Köhnəlmiş pestisidlər və davamlı üzvi çirkləndiricilərə dair maarifləndirmə” mövzusunda seminar keçirilmişdir
Bakı, 24 oktyabr (AZƏRTAC). Oktyabrın 24-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, UNEP-Ecores NatCom qeyri-hökumət təşkilatı (QHT), Beynəlxalq HCH və Pestisidlər Assosiasiyası (Niderland Krallığı) tərəfindən ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Köhnəlmiş pestisidlər və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) dair maarifləndirmə” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda 2004-cü ildə Azərbaycanın da qoşulduğu Stokholm Konvensiyasına dair 2007-2020-ci illəri əhatə edən Milli Fəaliyyət Planı çərçivəsində görülən işlər, analitik laboratoriya potensialının inkişafı, çirklənmiş torpaqların və qalıq pestisidlərin destruksiyası texnologiyaları və digər məsələlər müzakirə edilmişdir.
ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit üzrə şöbə müdiri Emmanuel Huntzinger çıxış edərək ətraf mühitin təhlükəsizliyinin təmin olunması və torpaqların qorunmasında, həmçinin kənd təsərrüfatının inkişaf etdirilməsində DÜÇ-lərin nəzarətdə saxlanılmasının vacibliyini vurğulamış, pestisidlərin idarə olunmasının, ölkəmizdə bu sahədə mövcud vəziyyətin Stokholm Konvensiyasının standartlarına uyğunlaşdırılmasının əhəmiyyətini qeyd etmişdir.
UNEP-Ecores NatCom QHT-nin sədr müavini və Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının Direktorlar Şurasının üzvü doktor Gülçöhrə Əliyeva seminarın əhəmiyyətindən danışaraq bildirmişdir ki, tədbir Azərbaycanda ətraf mühit elmləri sahəsində elmi-tədqiqat potensialının inkişaf etdirilməsi, çirklənmiş ərazilərin təmizlənməsinə dair müzakirələrin aparılması və cəmiyyətdə sosial məsuliyyətin artırılması məqsədi ilə keçirilir. G.Əliyeva demişdir ki, DÜÇ-lər siyahısına qadağan olunmuş və ya istehsalına məhdudiyyət qoyulmuş pestisidlər, eyni zamanda, sənayedə müəyyən texnoloji və yandırma prosesləri nəticəsində ortaya çıxan toksik kimyəvi maddələr daxildir. Onlar da fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq ətraf mühitdə davamlılıq göstərir, hava və su vasitəsilə geniş ərazilərə yayılır, canlı orqanizmlərdə toplanaraq müxtəlif fəsadlara səbəb olurlar. DÜÇ-lər və onların ətraf mühitə vurduqları ziyan barədə ətraflı məlumat verən G.Əliyeva bu sahədə əsas problemin kənd yerlərində olduğunu və onun qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkəmizdə üç bölgədə seminarların keçirildiyini, həmçinin fermerlərlə də maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırmışdır.
Seminarda Çexiyanın Səhiyyə İnstitutunun, Türkiyənin Bahçaşehir Universitetinin ekspertləri də mövzu ilə bağlı fikirlərini bölüşmüş, seminarın aktuallığını qeyd etmişlər.
Müzakirələrdə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda köhnəlmiş pestisid anbarlarının inventarlaşması və yerli potensialın genişlənməsinə dair layihə də diqqət mərkəzində olmuşdur. Eyni zamanda, Stokholm Konvensiyasına daxil olmuş yeni DÜÇ-lər, onların ətraf mühitdə monitorinq məsələləri, analitik prosedurun əsasları və çirklənmiş torpaqların təmizlənməsi və bərpası üçün yeni tətbiq edilən texnologiyalar da müzakirə olunmuşdur.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.