Kolumbiya KİV-ləri: Azərbaycanda çoxmədəniyyətlilik anlayışı həyat tərzinə çevrilib
Bakı, 11 mart, AZƏRTAC
Kolumbiyada və Latın Amerikasında geniş oxucu kütləsinə malik “El Expediente” və “Ola Politica” xəbər portallarında tanınmış jurnalist Roberto Trobaxonun müəllifliyi ilə Azərbaycanın çoxmədəniyyətlilik, dini və etnik dözümlülük ənənələrindən bəhs edən “Azərbaycansayağı sülh” başlıqlı yazı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yazıda dünyanın bir çox bölgəsində, o cümlədən iqtisadi və texnoloji baxımdan inkişaf etmiş cəmiyyətlərdə dözümsüzlük və ayrı-seçkilik kimi məfhumların çoxsaylı sosial qarşıdurmalara səbəb olduğu bir dövrdə Azərbaycanda bu sahədə uğurlu dövlət siyasətinin aparıldığı bildirilir, Prezident İlham Əliyevin sözlərinə istinadən ölkədə çoxmədəniyyətlilik anlayışının həyat tərzinə çevrildiyi qeyd olunur, Azərbaycanın ən humanist cəmiyyətlərdən birinə malik ölkəyə çevrildiyi bildirilir.
Bildirilir ki, Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsindən irəli gələrək müxtəlif dini və etnik mənsubiyyətə malik insanlar bu ölkədə bir arada yaşayırlar: “Azərbaycanda hökumətin apardığı iş sayəsində müsəlmanlar, xristianlar və yəhudilər, eləcə də müxtəlif xalqların nümayəndələri qarşılıqlı hörmət, anlayış və sülh içində birgə yaşayırlar”.
Yazıda 2016-cı ildə Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı ölkədəki dini tolerantlıq mühitini xüsusi təqdir etdiyi vurğulanır, “Bakı Prosesi”, həmçinin Azərbaycanda ənənəvi olaraq keçirilən mədəniyyətlərarası dialoq forumları barədə oxuculara məlumat verilir. Məqalədə Heydər Əliyev Fondu tərəfindən dünyanın bir sıra ölkələrində müxtəlif dinlərə məxsus abidələrin bərpasının da həyata keçirildiyi xüsusi qeyd olunur.