Konstantin Qamsaxurdiya: “Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı böyük hadisədir
Tbilisi, 30 may, AZƏRTAC
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı mənə böyük qürur və fəxarət hissi yaşadır. Bu təşəbbüs xalqlarımız və dövlətlərimiz arasında əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinin davamı, eyni zamanda, bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən böyük bir hadisədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Milli Kitabxanasının direktoru Konstantin Qamsaxurdiya söyləyib.
O deyib: “Bizim əsas məqsədimiz bu qədim və möhkəm dostluğu yeni bir mərhələyə, daha yüksək bir zirvəyə daşımaqdır. Bu guşə yalnız kitabların sərgiləndiyi və oxunduğu bir məkan deyil, həm də alimlərin, akademiklərin, tələbələrin və ümumilikdə kitabsevərlərin bir araya gəldiyi, fikir mübadiləsi apardığı mədəni platformadır. Burada həm Azərbaycan, həm də Gürcüstan mədəniyyəti, ədəbiyyatı, fəlsəfəsi, elmi və tərcüməçilik məktəbi ətrafında diskussiyalar, dialoqlar, müzakirələr və ədəbi görüşlər keçiriləcək. Biz istəyirik ki, bu guşə hər iki xalqın ziyalıları, elm və mədəniyyət xadimləri üçün ortaq fikir mübadiləsi meydanına çevrilsin”.
Onun sözlərinə görə, informasiya və ideya mübadiləsinin genişləndirilməsi, elm və mədəniyyət sahəsində ortaq layihələrin təşkili, digər sahələrdə çalışan mütəxəssislərin də birgə fəaliyyət göstərməsi önəmli bir perspektivdir. Çünki, Azərbaycan və Gürcüstan xalqları tarix boyunca bir-birinin yanında olub, həm sevinci, həm də çətinlikləri birlikdə bölüşüblər.
Bizim dostluğumuz əsrlərə deyil, mən deyərdim ki, minilliklərə söykənir. Hətta bu münasibətlər dövlətlərimizin yaranmasından əvvəlki dövrlərə, xanlıqlar və çarlıqlar dövrünə gedib çıxır. Tarix sübut edir ki, Azərbaycan xanları və gürcü çarları dost, müttəfiq olmuş, bu münasibətlər bəzən qohumluq əlaqələrinə qədər yüksəlmişdir.
“Bu gün də Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər məhz bu dərin tarixi köklərə əsaslanır. Fürsətdən istifadə edərək bir daha Azərbaycan xalqına, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə bu dostluq münasibətlərinin inkişafı və qorunub saxlanılması naminə göstərdiyi qətiyyətli iradəyə görə, səmimi təşəkkürümü bildirirəm. Hazırkı çətin və mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan dövləti bizim yanımızda olmaqla, həm Gürcüstanın suverenliyinə, həm də regional əməkdaşlığa verdiyi dəstəyi bir daha nümayiş etdirir. Bu dəstək bizim üçün olduqca dəyərli və vacibdir”, – deyə Konstantin Qamsaxurdiya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi