KONSTİTUSİYA GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 10 ili tamam olur. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur.
Konstitusiyanın qəbul edilməsi milli dövlətçilik tariximizdə yeni bir mərhələ açdı, dövlət quruculuğunda, ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə demokratik proseslərə güclü təkan verdi. Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Əsas Qanunumuz həmçinin dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunmasına təminat verir. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.
Keçən 10 il ərzində Konstitusiya öz həyati gücünü, humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə - hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş vermişdir. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Ölkəmiz dünya dövlətləri içərisində öz müstəqil siyasəti, inkişaf perspektivləri, potensialı və dövlət idarəçiliyinin effektiv təşkili ilə seçilir. Əmin ola bilərsiniz ki, Azərbaycan bundan sonra da daim güclənəcək, inkişaf edəcək, onun dünya siyasətində rolu artacaq, vətəndaşlarımızın rifah halı yaxşılaşacaq, hüquqları daha dolğun təmin olunacaqdır. Buna hazırda ölkəmizdə həyata keçirilən, xalq tərəfindən dəstəklənən və müsbət nəticələri beynəlxalq qurumlar tərəfindən etiraf olunan genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri qəti təminat verir.
Bir neçə gün əvvəl Azərbaycanda ali qanunverici orqana - Milli Məclisə növbəti seçkilər keçirildi. Xalqımızın və beynəlxalq siyasi dairələrin böyük marağına və diqqətinə səbəb olan bu seçkilər əhalinin yüksək fəallığı şəraitində baş tutdu, cəmiyyətin geniş demokratiya potensialına malik olduğunu nümayiş etdirdi. Qeydə alınmış müəyyən nöqsanlara baxmayaraq, bu seçkilər Azərbaycanın demokratik inkişafında və seçki praktikasının beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm mərhələ oldu. Bu seçkilər Konstitusiyanın belə bir müddəasının əyani sübutu oldu ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır və nəticələr də onun iradəsini əks etdirməlidir.
Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Konstitusiyamızın təbliği, onun əsas prinsip və müddəalarının dərindən öyrənilməsi və hər bir vətəndaşın yaşayış normasına çevrilməsidir. Vətəndaşların hüquqi cəhətdən maarifləndirilməsi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması, Konstitusiya müddəalarına hamı tərəfindən ardıcıl və dönmədən əməl olunması, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə uyğunlaşdırılması həm aidiyyəti dövlət orqanlarının, həm də hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Əziz həmvətənlər!
Sizi əsas dövlət bayramlarımızdan olan Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət, rifah, dövlətimizin və cəmiyyətimizin tərəqqisi və möhkəmlənməsi yolunda uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2005-ci il.