Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Bakı, 27 may, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olub.
AZƏRTAC xəbər verir ki, iclasda G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Gövhər Həsənzadənin Sevda Əsgərovaya qarşı, yetkinlik yaşına çatmayan Nilgün İlham qızı Əsgərzadənin 2012-ci il 11 oktyabr tarixdə vəfat etmiş atası İlham Əsgərovun vərəsəsi kimi tanınması və miras əmlakda onun 1/3 hissədə payının tanınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 2 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.