Könüllülər qan verilməsi aksiyalarında fəal iştirak ediblər
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanda Aşura günündə xeyirxahlıq etmək, ehtiyacı olan xəstə insanlara qan vermək ənənəsi uzun müddətdir yaşadılır.
Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, bu il də ölkəmizdə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günündə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.
Əvvəlki Aşura günlərindən fərqli olaraq, dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar qan vermək istəyən şəxslər məscidlərə deyil, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtdakı və bölgələrdəki bölmələrinə yönləndiriliblər.
Azərbaycan könüllüləri də bu nəcib aksiyadan kənarda qalmayıblar. Bakı, Gəncə və Mingəçevirdə könüllülər həm donor olublar, həm də Qan Bankına yaxınlaşan donorların yönləndirilməsi, suallarının cavablandırılması və eyni zamanda, sosial məsafənin qorunmasının təmin edilməsində dəstək göstəriblər.
Xatırladaq ki, dövlətimizin başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsinə dair imzaladığı Sərəncama uyğun olaraq, ölkədə geniş vüsət alan könüllülük hərəkatına cəlb edilmiş gənclər pandemiya dövründə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərərək, ehtiyacı olan şəxslər üçün qanvermə aksiyalarında artıq bir neçə dəfə iştirak ediblər.