“Könüllülük sahəsində yeni trend və istiqamətlər” mövzusunda onlayn görüş keçirilib
Bakı, 27 mart, AZƏRTAC
Könüllülüyün inkişafına dair qeyri-formal layihə qrupunun (ID-group) ikinci iclası çərçivəsində müxtəlif ölkələri könüllülük sahəsində təmsil edən spikerlərin, eləcə də Qazaxıstandakı beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Könüllülük sahəsində yeni trend və istiqamətlər” mövzusunda onlayn sessiya keçirilib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın Karaqanda vilayətinin gənclər siyasəti şöbəsinin müdiri Brzhan Alimzhanov və “Milli Könüllülük Şəbəkəsi”nin icraçı direktoru Tatyana Mironyukun çıxışları ilə başlayan görüş könüllülük sahəsində müxtəlif təşkilatları təmsil edən nümayəndələrin iştirak etdiyi plenar və müzakirə sessiyaları ilə davam edib.
Konfransda “Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyənin könüllülük sahəsində əməkdaşlığı” mövzusunda çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov əvvəlcə ölkəmizdə könüllülük hərəkatının inkişafı, ittifaqın üzv təşkilatlarının və könüllülərinin fəaliyyəti, eləcə də həyata keçirilən müxtəlif tədbir və layihələr haqqında məlumat verib.
İttifaqın müxtəlif ölkələri təmsil edən könüllü təşkilatları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirdiyini bildirən Tural Hümbətov bununla bağlı bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib, eləcə də könüllülük sahəsində əlaqələrin inkişaf etdirilməsi məqsədilə müəyyən olunmuş əsas fəaliyyət istiqamətləri və bu əlaqələrin perspektivləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Xatırladaq ki, ötən ilin dekabrın 2-də Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” (National Volunteering Network) arasında ölkələrin davamlı inkişaf hədəflərinin həllinə istiqamətlənən ortaq könüllülük proqramları və layihələrinin həyata keçirilməsi məqsədilə saziş imzalanıb.