“KOROĞLU” OPERASININ PREMYERASI OLMUŞDUR
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, süjetini “Koroğlu” xalq dastanı təşkil edən və musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü öz əksini tapan 3 pərdəli, 5 şəkilli operanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Cavanşir Cəfərov, quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı, Dövlət mükafatları laureatı Tahir Salahov, rəqslərin quruluşçusu SSRİ xalq artisti Qəmər Almaszadədir.
Tamaşada Koroğlu partiyasını gənc vokalçı Ülvi Qılınc ifa etmişdir. Digər əsas rollarda vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı, xalq artisti Qərinə Kərimova (Nigar), əməkdar artistlər Şahlar Quliyev (Həsən xan), vokalçıların Bülbül adına 1-ci Beynəlxalq müsabiqəsinin laureatı Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Nəzakət Teymurova (Xanəndə qız) və başqaları oynamışlar.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu və digər rəsmi şəxslər tamaşada olmuşlar.