Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
Bakı, 30 noyabr, AZƏRTAC
Polis əməkdaşları Bakıda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mülki geyimli polis əməkdaşları avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Qoruyucu tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb, onlar barəsində qanunauyğun tədbir görülüb. Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etmələrini, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmamalarını xahiş edib.