KREDİT QOYULUŞLARININ YARIYA QƏDƏRİ TİCARƏT VƏ XİDMƏT SAHƏLƏRİNƏ YÖNƏLDİLMİŞDİR
Müddəti ötürülmüş kreditlər nəzərə alınmaqla, bu il noyabrın 1-nə iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulmuş kreditlərin ümumi həcmi 4546,8 milyard manat olmuşdur.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kreditlərin 976,9 milyard manatı, yaxud 24,4 faizi ticarət və xidmət sahələrinə yönəldilmişdir. Fiziki şəxslərə verilmiş kreditlərin məbləği 1204,5 milyard manat (30,09 faiz) olmuşdur. Nəqliyyatın və rabitənin payına 739,2 milyard manat (18,46 faiz), dövlət idarəetmə sahələrinə isə 46,1 milyard manat (1,15 faiz) kredit düşmüşdür.
Energetika və təbiəti mühafizə tədbirlərinə 132,2 milyard manat (3,3 faiz), tikinti və əmlak sahələrinə 195,3 milyard manat (4,88 faiz), kənd təsərrüfatına 257,9 milyard manat (6,4 faiz), ağır və yüngül sənayeyə 312,3 milyard manat (7,8 faiz) kredit ayrılmışdır. Kreditlərin 139,2 milyard manatı (3,48 faiz) digər sahələrə yönəldilmişdir.