Kredit zəmanət mexanizmində KOB sektoru üzrə təminat sisteminin təkmilləşməsinə ehtiyac var
Bakı, 1 mart, AZƏRTAC
Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Azərbaycanda sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23 faiz, Bakı üzrə isə 77 faizdir. Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrinin maliyyələşdirilməsi üçün sahibkarların uzunmüddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir.