Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Kürdəmir, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Hazırda 17 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 12-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir.
“ASAN xidmət”in əməkdaşı Sona Tağıyeva AZƏRTAC-a bildirib ki, Kürdəmir “ASAN xidmət” mərkəzində 260-dək vətəndaş, 45 könüllü fəaliyyət göstərir. Onun sözlərinə görə, vətəndaşlar Kürdəmir “ASAN xidmət”də, ümumilikdə, müxtəlif dövlət qurumlarının 320 xidmətindən istifadə edə biləcəklər.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.