Küveytdə ulu öndər Heydər Əliyevin 96 illiyinə həsr olunan mərasim keçirilib







Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları və onların ailə üzvləri, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin üzvləri, Küveyt Universitetində oxuyan azərbaycanlı tələbələr və türkdilli dövlətlərin tələbələri, ictimai-siyasi xadimlər, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri mərasimdə iştirak ediblər.
Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman mərasimi açaraq dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Diplomat Ümummilli Liderin öz ömrünü Azərbaycan xalqına həsr etdiyini və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət etdiyini, müdrik və uzaqgörən fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxdığını bildirib.
Küveyt Universitetinin Dillər Mərkəzində təhsil alan azərbaycanlı tələbə Fikrət Əkbərli çıxış edərək Ulu Öndərin fəaliyyəti dövründə digər sahələrlə yanaşı, təhsil sahəsinə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, təhsil Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətində həmişə xüsusi yer tutub və Ulu Öndər bu sahəyə daim böyük diqqət göstərib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilir.
Mərasimdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, onun həyat və fəaliyyəti haqqında kitablar nümayiş etdirilib.
Sonra qonaqlar müasir Azərbaycanın banisi Heydər Əliyev haqqında sənədli filmə baxıblar.
Sonda mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb.