Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub
Bakı, 26 avqust, AZƏRTAC
Laçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Füzuli Dövlət Dram Teatrı tərəfindən təqdim edilən əsərin əsas ideyası uşaqlara böyüklərin sözünə qulaq asmağın, ehtiyatlı və düşüncəli davranmağın vacibliyini aşılamaqdır.
Nağılın süjeti vasitəsilə uşaqlara izah olunur ki, düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır.
Bundan əlavə, tamaşa uşaqlarda birlik və həmrəylik kimi dəyərlərin formalaşmasına da müsbət təsir göstərir. Tamaşa, həmçinin uşaqlara xeyirlə şərin mübarizəsi ideyasını sadə və başadüşülən formada çatdırır, yaxşılığın sonda qalib gəldiyini göstərir.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirən Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Bu tamaşa uşaqlar üçün həm maraqlı, həm də düşündürücü səhnə əsəri olmaqla, onların mənəvi inkişafına, düzgün davranış vərdişlərinin və sağlam düşüncə tərzinin formalaşmasına xidmət edir.
Müxbir - Gülay Nəzərova