CƏMİYYƏT
Lefkoşada Azərbaycanla Şimali Kipr arasında reklam sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Ankara, 26 noyabr, AZƏRTAC
Lefkoşada Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Azərbaycanın reklam cəmiyyətləri nümayəndələrinin görüşü baş tutub.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycan Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyinin (RMİD) rəhbəri Xəyalə Mütəllimova və Türk Kiprinin Reklam və Dizayn Assosiasiyasının (REK-DER) sədri Suat Durdu Bora iştirak ediblər.
Görüşün yekununda iki ölkə arasında reklam sahəsində əməkdaşlığın stimullaşdırılmasına yönəlmiş Protokol imzalanıb.
Tədbir iştirakçıları qarşısında çıxış edən Suat Durdu Bora REK-DER-in Türkiyənin reklam strukturları ilə sıx əlaqələrinə diqqət çəkib, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrlə qarşılıqlı əlaqə yaratmağa hazır olduğunu vurğulayıb. O deyib: “Əminəm ki, türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə möhkəmlənəcək. Ümidvaram ki, Azərbaycandan olan həmkarlarımla imzalanan sənəd bu istiqamətdə mühüm addım olacaq”.
Xəyalə Mütəllimova, öz növbəsində, Şimali Kiprdə səfərdə olmasından məmnunluğunu bildirib və TDT ölkələrində reklam sərgilərinin təşkili ilə bağlı planlarını bölüşüb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara