Lənkəran Regional Elmi Mərkəzdə Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib
Lənkəran, 28 mart, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edən Lənkəran Regional Elmi Mərkəzin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova Mərkəzin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. O, çıxışında Elm Gününün təsis edilməsi, Azərbaycanda elmə verilən yüksək dəyər, cənub regionunda aparılan elmi-tədqiqatların əhəmiyyəti barədə məlumat verib.
Onlayn tədbirdə Lənkəran Regional Elmi Mərkəzin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev “Nizami - böyük alim kimi” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.
Sonra Lənkəran Regional Elmi Mərkəzinin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın “Lənkəranda yaşayan uzunömürlülərin populyativ və sosial-bioloji xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Lənkəran-Astara bölgəsində uzunömürlülər arasında aparılan elmi-tədqiqat işlərindən söhbət açılıb, əldə edilən maraqlı nəticələr diqqətə çatdırılıb.
Onlayn tədbirə qoşulan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Mustafayev və başqaları Elm Günü və onun əhəmiyyəti, qarşılıqlı əməkdaşlıq, eləcə də digər məsələlər barədə fikir mübadiləsi aparıblar.