Lənkəran teatrı Lerikdə “Haqqın 44 günü” tamaşasını nümayiş etdirib
Lənkəran, 26 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə “Haqqın 44 günü” tamaşasını nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon Mədəniyyət Mərkəzində oynanılan tamaşadan əvvəl torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran teatrının direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin "Şuşa İli" ilə bağlı bir sıra layihələr üzərində çalışdığını bildirib və təqdim olunan “Haqqın 44 günü” tamaşasının bu layihə çərçivəsində hazırlandığını, bu vaxta kimi tamaşanın Salyan, Neftçala, Cəlilabad, Biləsuvar və Masallı rayonlarında, habelə hərbi hissələrdə oynanıldığını qeyd edib.
Vətən müharibəsində qazanılmış Zəfərimizi vəsf edən səhnə əsərinə rayonun icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, şəhid ailələri də tamaşa ediblər.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rollarda teatrın gənc aktyor və aktrisalardan Gülər Kərimli, Səyyad Əliyev, Emil Tağı, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimli, Teymur Hacızadə və Günel Abbaszadə çıxış ediblər.