Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir
Lənkəran, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası qoşunlarının törətdiyi hərbi cinayətlərdən söhbət açaraq bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi və siyasi qiymət verilmişdir.
Diqqətə çatdırılmışdır ki, 20 Yanvar hər il Ümumxalq Hüzn Günü kimi ehtiramla qeyd edilir, azadlıq mücahidlərinin əziz xatirəsi həmişə dövlətimiz və xalqımız tərəfindən əziz tutulur, onların ailə üzvlərinə lazımı diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımız geri qaytarılacaq, öz Vətənlərində qaçqın və köçkün həyatını yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Şəhidlərimizin ruhu yalnız bu zaman rahatlıq tapacaqdır.
Görüşdə çıxış edən “20 Yanvar” cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən maddi yardımlar edilmişdir.
Xatırladaq ki, qanlı 20 Yanvar hadisələri zamanı Lənkəran rayonundan 5 nəfər - Asif Əsədullayev, Mircamal Əbülfətov, Telman Bağırov, Azad Mirzəyev və Əflatun Kazımov şəhid olmuşlar.