Lənkəranda dini radikalizmin profilaktikasına dair zona toplantısı keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Lənkərandakı Heydər Əliyev Mərkəzində şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirdə Lənkəran-Astara iqtisadi zonası üzrə doqquz rayondan 200 nəfər iştirak edib.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra Lənkəran şəhər gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov qeyd edib ki, tədbir Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrinin icrasını təmin etmək məqsədi daşıyır.
Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və digərləri çıxış edərək ölkəmizdə sabit, multikultural və tolerant mühitin bərqərar olduğunu vurğulayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.