REGİONLAR
Lənkəranda Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib
Lənkəran, 21 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Lənkəran, Astara, Lerik rayonlarında Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi aprelin 20-də davam edib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Lənkəran, Astara və Lerik rayonları üzrə ümumilikdə 5 məntəqədə keçirilən festivalın üçüncü günündə iştirakçılar üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə aktyorluq, dekorativ tətbiqi sənət, rəssamlıq, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında mübarizə aparıblar.
Xatırladaq ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.
Qeyd edək ki, festivala Lənkərandan-400, Astaradan-101, Lerikdən-235 iştirakçı qatılıb.