LƏNKƏRANDA UŞAQ ŞAHMAT OLİMPİADASININ AÇILIŞI OLMUŞDUR
Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin Lənkəran şəhər icra hakimiyyəti ilə birgə keçirdiyi Olimpiadada ölkəmizin 45 şəhər və rayonlarını təmsil edən 260-dan çox gənc şahmatçı mübarizəyə qoşulmuşdur. Yarışın ən kiçik iştirakçısı 4 yaşlı Həcər Heydərovadır (Masallı).
Şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov açılışda çıxış edərək, yarış iştirakçılarını salamlamış, Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, Azərbaycan idmançılarının qazandıqları uğurlardan danışmış, gənc şahmatçılara qələbə sevincləri arzulamışdır.
Sonra çıxış edən Respublika Şahmat Federasiyasının Prezidenti Aynur Sofiyeva, Olimpiadanın baş hakimi, Lənkəran şahmat məktəbinin direktoru İdrak Dadaşov və başqaları 1974-cü ildə ümummilli liderimizin tapşırığı ilə Azərbaycanın bütün şəhər və rayonlarında şahmat məktəblərinin tikildiyini vurğulamış, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları Azərbaycan Prezidentinin idmanın inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirmişlər.
Respublika Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakmi Faiq Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 16 yaşa qədər oğlanlar və qızlar 5 qrupda şəxsi və komanda birinciliyində qələbə uğrunda mübarizə aparacaqlar. İlk üç yeri tutanlar bu ilin avqustunda Türkiyədə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında ölkəmizin idman şərəfini qoruyacaqlar.
Doqquz gün davam edəcək Olimpiadanın qaliblərinə hədiyyələr, kuboklar və diplomlar təqdim olunacaqdır.