“Leyla Xəzəri” rəsm qalereyasında növbəti tədbir qadınlara həsr edilib
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Leyla Xəzəri” rəsm qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev mərasimdə çıxış edərək xanımları təbrik edib.
Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını qeyd edən A.Quliyev deyib: “8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə öncə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təbrik edirəm. Mehriban xanım uzun illərdir Azərbaycanı, onun zəngin mədəniyyətini beynəlxalq aləmdə təbliğ etmək üçün böyük miqyaslı, mühüm işlər görür. Onun fəaliyyəti yalnız xanımlarımız üçün deyil, cəmiyyətdə hər kəs üçün nümunədir. Xanımlar bizim bacımız, övladımız, iş yoldaşımızdır. Ən əsası Azərbaycan xanımı əsgər anasıdır. Biz kişilərin xanımların dəstəyinə hər zaman ehtiyacı var. Hər bir kişi adəti üzrə bu günü diqqətdə saxlayır və xanımları təbrik edir. Azərbaycan xanımları bütün diqqətə və hörmətə layiqdirlər. Onların istər ailədə, istərsə də cəmiyyətdə mühüm rolu var. Azərbaycan xanımlarına uzun ömür, cansağlığı arzulayıram”.
Qeyd edək ki, tədbirdə xanım QHT rəhbərləri, diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Tədbir konsert proqramı ilə davam edib.