“LEYLİ VƏ MƏCNUN” BİR EŞQ ƏFSANƏSİ, KÖNÜL SEVDASIDIR
“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, 2008-2009-cu illərdə “Leyli və Məcnun” operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileyləri respublikamızda dövlət səviyyəsində keçiriləcəkdir.
Filologiya elmləri namizədi ALMAZ ÜLVİNİN AZƏRTAC-ın xahişi ilə yazdığı növbəti, dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası haqqında məqaləni oxuculara təqdim edirik.
2008-ci il Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” operasının səhnə həyatının 100 illik bayramıdır. Amma “Leyli və Məcnun” əfsanəsinin tarixi uzaq minilliklərdən başlayır. Leyli və Məcnun (Qeys) adlı iki gəncin eşq əfsanəsi Şərqdə yaransa da, zaman ötdükcə, dünya ədəbiyyatının nadir incilərindən birinə çevrilmişdir. Bu elə mövzudur ki, yüzlərlə yaradıcı insan üçün nəhayətsiz imkanlar açıb. Tarix səhifələrində isə dahilərin adı ilk sətirlərə həkk olunub - Nizami, Nəvai, Füzuli, Üzeyir bəy... Folklor nümunəsidək minilliklərdən ötüb gəlmiş bu nakam eşq dastanını ilk dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvi qələmə almışdır. Zaman ötmüş, Nizami “Xəmsə”si, o cümlədən “Leyli və Məcnun” (1188) poemasının sədası bütün Şərq dünyasına yayılaraq böyük şöhrət qazanmışdır. Daha sonrakı yüzilliklərdə bu əsərlərə çox nəzirələr yazılmışdır - Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai ... və başqaları. Orta əsrlərə qədər belə bir fikir formalaşmışdı ki, şeir, divan, ümumiyyətlə, ədəbiyyat ancaq fars dilində yarana, yazıla bilər. Nizami də öz “Xəmsə”sini fars dilində yazmışdır. Sonrakı yüzilliklərdə türk dilində poeziya nümunələri yazılmışdır. XV əsrdə Teymurilər nəslinin son nümayəndəsi Hüseyn Baykaranın (1438-1506) dövründə türk dili artıq saray dili, dövlət dili səviyyəsində ən uca məqama yetdi. Nizami “Xəmsə”sini ən mahir xəttatlara qızıl suyu ilə haşiyələnmiş, miniatürlərlə işlənmiş şəkildə bir neçə dəfə yazdıran (araşdırmalara görə, Nizami “Xəmsə”sinin dövrümüzə gəlib çatan ən qədim nüsxələri məhz həmin nümunələrdir) dahi özbək şairi Əlişir Nəvai (1441-1501) Şərq aləmində ilk dəfə türk dilində “Xəmsə” yazdı. Bu o dövr idi ki, hətta türk dilində yazılan şeirlərə lağ edirdilər. Hüseyn Baykaranın baş vəziri Əlişir Nəvai ilə İraqdan saraya qonaq gəlmiş şair Bənnayi arasındakı söhbət əsrlərdir ki, rəvayətə dönüb danışılır. Həmin söhbət əsnasında qonağın sözünə hiddətlənən Nəvai “Bənnayi, danışıq həddini aşdın. Sənin ağzın pisliklə doldurulmalıdır” -
deyir. Bənnayi isə cavabında: “Pislik doldurmaq elə də çətin iş deyil. Türk dilində bir şeir oxumaq kifayətdir” - demişdir. Türk dilinə hələ də aşağı nəzərlərlə baxanlara Nəvai “Xəmsə”si ən tutarlı cavab oldu.
Artıq dövlət dili kimi Şərq dünyasının üfüqlərinə geniş yayılan türk dili Füzulinin də doğma dili idi. Xalq əfsanəsini - Leyli və Məcnunun faciəli eşqini ədəbiyyata gətirən Nizami və türk dilində ilk dəfə yazan Nəvai ruhuna ehtiram olaraq, Füzuli öz “Leyli və Məcnun”u (1537) ilə lirizmin ən yüksək zirvəsini fəth etdi. Görkəmli tədiqiqatçıların qənaətidir ki, Azərbaycanın dahi şairi Füzuli öz eşq ağrısını Leyli və Məcnunun boyuna biçmişdir. Mövzu yüzilliklərdən, minilliklərdən gəlsə də, ruh Füzuli eşqindən qidalanmışdır.
Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Füzuli bir daha orta əsr Şərqinə sübut etdi ki, türk dilində dünya ədəbiyyatının ən nadir incilərini yaratmaq mümkündür. “Leyli və Məcnun” əfsanəsi ədəbiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, hətta həyatımızda daim böyük hadisə olmuşdur. Bəli, o qədər uzaq tarixi olmayan “İlham və Fərizə” faciəsi də həmin əfsanənin gerçək yaşantısından doğdu.
Nizami öz “Leyli və Məcnun”unu Şirvan hökmdarı I Asxitanın xahişi ilə 47 yaşında, Nəvai Nizami “Xəmsə”sinin təsiri ilə 43 yaşında, Füzuli isə sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəyin xahişi ilə 43 yaşında yazmışdır. Bu yaş ömrün müdrik çağlarına gedən yolun astanası sayılır.
370 ildən sonra Füzulinin eşq dastanına milli xalq musiqisindən ruh, can verən Üzeyir bəy isə 22 yaşında idi. Bu yaş gəncliyin eşqlə qaynadığı, coşduğu, göylərdə pərvazlandığı vədəsidir. Üzeyir bəy də bu mövzuya bir eşq məsələsi kimi yanaşmış və qəlbinin arzusu ilə bu əfsanəyə musiqili səhnə həyatı vermişdir. Xalq musiqisinə ruhən bağlı olan gənc Üzeyir bəy “Leyli və Məcnun”u yaratmaqla bütün müsəlman Şərqində opera sənətinin təməlini qoydu. Öz musiqi dünyasında Füzuli şeiriyyətinin səsini ülvi gözəlliklə duyan bəstəkarın şöhrəti çox tezliklə səs-səda doğurdu. O, Füzuli dühasından doğan romantikaya xalq qəlbindən süzülən muğam və təsniflərlə bir ayrı gözəllik bəxş etmişdi. Bu böyük hadisə Üzeyir bəy istedadının daha geniş miqyasda parlamasının başlangıcı oldu. Onda 1907-ci il idi. 1908-ci il yanvarın (12) 25-də Tağıyev teatrında operanın ilk tamaşası oynanıldı və heyrətediləcək maraqla qarşılandı.
1908-ci il “Kaspi” qəzetində dərc olunmuş ilk afişa-elanda oxuyuruq: “Tağıyev teatrında müsəlman dilində opera. Şənbə günü, 12 yanvar 1908-ci il. “Nicat” müsəlman mədəni-maarif cəmiyyətinin teatr bölməsi müəlliflərin və həvəskar ifaçıların iştirakı ilə ilk dəfə müsəlman səhnəsində “Leyli və Məcnun” operası təqdim edəcək. 5 pərdə, 6 şəkildə olan bu tamaşa Füzulinin poeması və Ü. və C. Hacıbəyov qardaşlarının musiqisi əsasında hazırlanmışdır. Tamaşa 9-un yarısında başlayır. Şərq orkestri (tardan ibarət) Qurbanın (Qurban Pirimov nəzərdə tutulur - A.Ü.) rəhbərliyi ilə idarə olunacaq”.
Lakin həmin gün tarzənlər səhnəyə çıxmaqdan imtina edirlər. Əlacsız qalan Üzeyir bəy orkestri gücləndirmək üçün tamaşaya iki saat qalmış tarı skripka ilə əvəz edərək nota salmış və seminariya yoldaşları ilə birgə özü də orkestrdə skripka çalmışdır. Tarzənlər isə Qurban Pirimov və Şirin Axundov idi.
Afişada operanın müəllifləri Üzeyir bəy və onun kiçik qardaşı, jurnalist, tərcüməçi Ceyhun bəy Hacıbəyov göstərilib. Ceyhun bəy sonralar yazır: “Opera yazmaq Üzeyir bəyin təşəbbüsü idi. Mən sadəcə, Füzuli əsərlərinin uyğun irihəcmli hissələrindən və muğamların seçilməsində qardaşıma kömək etmişəm”.
Üzeyir bəy “Leyli və Məcnun” əfsanəsi ilə hələ erkən yaşlarında tanış olmuşdu. 1897-ci ildə Şuşada yazıçı Əbdürrəhim bəy Haqverdiyevin Füzulinin poeması əsasında hazırladığı “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi tamaşaya qoyulmuşdu. Tarzən Mirzə Sadiqcanın müşayiəti ilə Cabbar Qaryağdıoğlunun ifasında Məcnunun ah-naləsi balaca Üzeyirə çox güclü təsir etmişdi. Həm də yaxşı səsi olan Üzeyir özü də bu səhnəcikdə xor dəstəsində oxumuşdu. Dahi bəstəkar “Leyli və Məcnun”un necə yaranması barədə sonralar yazırdı: “Mən opera üzərində 1907-ci ildə işləməyə başladım, lakin məndə bu ideya xeyli əvvəl… uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında “Məcnun Leylinin qəbri üstündə” səhnəciyini görəndən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırmışdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim”.
Fikrən o illərə qayıdaraq günləri, hadisələri izləyirik: opera tam hazırdır. İlk əvvəl Füzuli şeiriyyətinin qüdrətini dərk edən və istedadlı aktyor heyəti təşkil etmək lazımdır. Məcnun və Leyli obrazları diqqət mərkəzində olduğundan uğurlu seçim Üzeyir bəyi çox düşündürür. “Bir gün… “Əlmənsur”u oynadıq. Axırıncı pərdədə bir ərəb “Sədayi-qayibanə” oxuyur, o rolu mən oynayırdım. Ərəb qiyafəsində “Hicaz” üstə oxudum. O gecə Üzeyir bəy Hacıbəyov teatrda imiş” (H.Sarabskinin xatirələrindən). Həmin gecəni xatırlayan Üzeyir bəy “Hicaz” muğamı ilə səs-səda salmış gənc Hüseynqulu Sarabskinin aktyorluq məharətini də hiss edərək, onu baş rola - Məcnun roluna dəvət edir. H.Sarabski ilk tamaşadan Üzeyir bəyin ümidlərini doğruldur. Bu, həm də Sarabskinin ümumən həyatında dönüş nöqtəsi idi. Sonralar xatirələrində yazırdı ki, vaxtilə aktyorluq etdiyimə görə mənə tənə edənlər indi Məcnun deyə çağıraraq aqlışlayır, hörmətlə qarşılayırdılar. Gələcəyin şöhrətli müğənnisi, aktyoru, xanəndəsi, rejissoru, musiqi-ictimai xadimi Hüseynqulu Sarabskinin tale ulduzu Məcnun obrazı ilə parladı. Səhnədə olduğu 30 il ərzində o, bu rolu 400 dəfə oynadı. Təkcə oynamadı, həm də bu obrazın fəlsəfi dünyasını yaşayaraq, hər tamaşada rolu yeni çalarlarla, ştrixlərlə mükəmməlləşdirdi. Tədqiqatçıların qənaətidir ki, operada bu obrazın şah zirvəsini H.Sarabski fəth etmişdir. O, Azərbaycan səhnəsinin, həqiqətən, əvsanəvi Məcnunu idi. Görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin sözləri bunu bir daha təsdiqləyir: “Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır. Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır. İnsan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı”.
Operanın ilk tamaşasında ən çətin məsələlərdən biri də Leyli rolunun ifaçısını tapmaq idi. Mövhumat qaranlığında boğulan məmləkətdə o illərdə qadın rolunu kim oynayacaqdı? Təbii ki, kişi oynayacaqdı, amma elə adam tapmaq lazım idi ki, xarici görünüşü uyğun gəlsin, başlıcası isə səsi, qabiliyyəti olsun. 12 yaşlı çayçı şagirdi Əbdürrəhim Fərəcovu Leylini oynamağa razı salırlar. Çox çətinliklə baş tutan bu razılaşma elə ilk tamaşadan sonra pozulur. Bir də əyninə qadın paltarı geyməyəcəyinə and içən gənc o gedən, teatra bir də ayaq basmır. Üzeyir bəy uzun axtarışdan, düşüncələrdən sonra Bakı realnı məktəbinin tələbəsi olan xalası oğlu Əhməd bəy Bədəlbəyovu diqqətində saxlayır. Operanın ilk tamaşasında xor heyətində oxuyan Əhməd bəy Üzeyir bəyin təklifini qəbul edir, Leylini oynamağa razılıq verir. Apreldə baş tutan ikinci tamaşanın afişalarında “Leyli rolunun ifaçısı - Miri” adı yazılır. Mirinin ilk çıxışda qazandığı uğur onun həyatının yaşıl xəttinə çevrilir və sonralar afişada “Leyli - Ağdamski” yazılır. O, Üzeyir bəyin bütün opera və operettalarında qadın rollarının - Təhminənin, Gülnazın, Xurşudbanunun, Əslinin, Gülçöhrənin, Şahsənəmin ... mahir ifaçısına çevrilir. Milli mədəniyyətin tərəqqisi üçün başqa yol yox idi.
Azərbaycan milli operasının inkişafında böyük xidmətləri olan Əhməd Ağdamski Yermakov soyadlı dostunun qızı Mariyanın yaxşı səsi olduğunu bildikdə, onunla məşğul olmuş, eyni zamanda Azərbaycan dilini də öyrətmişdir. Bu, ilk dəfə Məfkurə adı ilə səhnəyə çıxan və sonralar xalq artisti adına layiq görülmüş Yermakova idi. Qadın aktrisalar milli teatrımızda görünəndən sonra Əhməd bəy Ağdamski bir sıra kişi rolları, o cümlədən Kərəmi oynasa da, daha çox öz sevdiyi tarzənlik sənətinə bağlanır. Ə.Ağdamskinin musiqi dünyasında nə qədər uğurları olsa da o, ilk “Leyli” kimi musiqi tarixində qalıb və sevilir. 100 ildir ki, Leyli rolu Ə.Ağdamskinin yaratdığı obraz üzərində boy atır.
“Leyli və Məcnun” operasının ilk dirijoru böyük yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev olmuşdur. Sonrakı tamaşalara isə Üzeyir bəy özü dirijorluq etmişdir. İlk milli operamızın rəssamı isə Əli bəy Hüseynzadə hesab olunur. Birinci tamaşada Ceyhun bəy Hacıbəyov İbn Səlam və Nofəl rollarını oynamışdır. Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəy Hacıbəyov isə sonrakı tamaşalarda Əbülqeys və Zeyd obrazlarını ifa etmişdir.
“Leyli və Məcnun” operasında xalq musiqisindən, muğam, mahnı və rəqslərdən, el havalarından ustalıqla istifadə olunmuşdur. Qızların xorlarında “Evləri var xana-xana”, “Bu gələn yara bənzər”, Əbülqeysin ifasında “Rast” və “Cahargah”, Məcnunun ifasında “Şikəsteyi-Fars”, “Bayatı-Şiraz”, “Segah”, eləcə də “Şur”, “Simayi-şəms”, operanın uvertürasında və Nofəlin partiyasında “Heyratı”, axırda “Arazbarı” zərb muğamları … və təsniflər operanı tamaşaçı ürəyinə, zövqünə doğmalaşdırmışdır. Müəllif bu əsərində muğamın zəngin xəzinəsinin o hissələrindən istifadə edib ki, bunlar operanın ümumi əhval-ruhiyyəsinə, obrazların xarakterinə uyğun gəlsin. Dahi bəstəkar özü bu barədə yazırdı: “Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını hazırlamaq idi… “Leyli və Məcnun”da əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdi”. Beləliklə, “Leyli və Məcnun” ədəbi məzmunca doğma olduğu kimi, musiqi baxımından da xalq ruhuna əzizdir və bu səbəbdəndir ki, bir əsrdir milli səhnəmizdən düşmür.
“Leyli və Məcnun”da geniş improvizasiya imkanlarının olması ifaçılara özlərinin səs diapazonundan bütünlüklə istifadə edərək bir-birinə bənzəməyən obrazlar yaratmağa yol açır.
Əsərin ilk quruluşunu görkəmli aktyor və rejissor Hüseyn Ərəblinski vermişdir. Sonrakı illərdə opera görkəmli incəsənət xadimləri Soltan Dadaşovun (1935, 1958), Mehdi Məmmədovun (1955, 1976), Firidun Səfərovun (1994), axır illərdə isə Hafiz Quliyevin quruluşlarında oynanılmışdır. 2008-ci ilin yanvarında operanın 100 illiyinə həsr edilmiş yubiley tamaşaları olmuşdur.
Ötən bir əsr ərzində opera səhnəmizdə Leyli obrazının 30-a yaxın ifaçısı olmuşdur - Ə.Fərəcov, Ə.Ağdamski, Əhməd Qəmərlinski, Hüseynağa Hacıbababəyov, Göyərçin Əliyeva, Həqiqət Rzayeva, Sona Rzayeva, Məhbubə Paşayeva, Sürəyya Qacar, Sara Qədimova, Rübabə Muradova və başqaları. Məcnun rolunun isə 20-yə qədər ifaçısını göstərmək olar - Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əbülfət Əliyev və başqaları. Leyli və Məcnun rollarının, eləcə də digər obrazların bütün ifaçılarının adlarını, sənətkarlıq məharətini bu yazıda qeyd etməməyimiz o demək deyil ki, indiki tamaşalar - aktyor heyəti 100 il bundan əvvəlkindən irəli getməyibdir. Əsla, yox! Bu opera həm janr, musiqi etibarilə, həm də ifaçılıq qüdrəti ilə həmişə zamanın fövqündə dayanıb. Burada biz, sadəcə, 100 il bundan əvvəl pərvəriş tapmış ilk Azərbaycan, Şərq operasının başlanğıcından ötən təxminən yarıməsrlik dövrdə çıxış etmiş qüdrətli sənətkarları xatırlayır, onlara bir daha ehtiramımızı bildiririk.
Şübhəsiz ki, ötən əsrin 60-cı illərindən bəri səhnəmizə Leyli və Məcnun rollarının neçə-neçə gözəl ifaçıları gəlmişdir və indi də gəlir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilmiş muğam televiziya müsabiqələrinin yeni-yeni gənc istedadları üzə çıxarması əminliklə deməyə əsas verir ki, opera səhnəmizə hələ bundan sonra da on illər boyu Leylilər, Məcnunlar gələcək, iki dahinin - Füzulinin və Üzeyir bəyin poeziyası və musiqisinin vəhdətindən yaranmış “Leyli və Məcnun”un 150, 200… illik yubileyləri qeyd olunacaqdır. Çünki Füzuli poeziyası da, Üzeyir sənəti də, operanın musiqisinin əsasını təşkil edən muğam da ölməzdir.
“Leyli və Məcnun”un libretto mətni 1912-ci ildə Orucov qardaşları mətbəəsində, klavir nüsxəsi 1959-cu ildə, partiturası isə 1983-cü ildə (baş redaktoru Qara Qarayev, redaktoru Nazim Əliverdibəyov, ön sözü və şərhlərin müəllifi Zemfira Səfərovadır) nəşr olunmuşdur.
100 ildir ki, “Leyli və Məcnun” Azərbaycan opera səhnəsində, dünyanın bir sıra opera teatrlarında, hətta adi xalq teatrı səhnələrində oynanılır. Üzeyir bəyin bu uğurundan ruhlanan böyük qardaşı Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, dahi bəstəkarın ən yaxın dostu və məsləkdaşı Müslüm Maqomayev “Şah İsmayıl” operalarını yazdılar. Füzuli lirikasının, Üzeyir bəy istedadının qüdrəti, milli xalq musiqisinin və ən əvvəl muğam sənətimizin şöhrəti bu əsər vasitəsilə dünyanın bir çox ölkələrinə yayılmış, bu operanın təsiri altında bir sıra xalqlarda səhnə əsərləri meydana gəlmişdir.
“Leyli və Məcnun” Üzeyir bəyin bütün sonrakı yaradıcılığının təməl daşı idi. Sonrakı illərdə o, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarını yazmışdır. “Leyli və Məcnun”la başlayan yolun zirvəsi isə otuz il sonra tamaşaya qoyulan, təkcə Üzeyir bəy yaradıcılığının deyil, ümumən Azərbaycan opera sənətinin incisi, şah əsəri sayılan “Koroğlu” oldu. Üzeyir Hacıbəyovun xalq ruhundan mayalanan, dərin və fəlsəfi məzmunlu musiqi və ədəbi irsi Azərbaycan mədəniyyətinin xəzinəsinə əvəzsiz töhfədir. Bu irs bizim milli, mənəvi sərvətimizdir və gələcəkdə hələ neçə-neçə nəsillər ondan bəhrələnəcəklər.
######
![]() |
![]() |
![]() |


