LİTVA BAŞ ETİKA KOMİSSİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA SƏFƏRDƏ OLMUŞDUR
Litva Respublikasının Baş Etika Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəvəti ilə sentyabrın 16-dan 19-dək ölkəmizdə səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Azərbaycan ilə Litva arasında dövlət qulluğu məsələləri sahəsində əlaqələrin qurulmasıdır.
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Litva Baş Etika Komissiyasının sədri xanım Yolanta Petkevicienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
B.Xəlilov Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlardan danışaraq, qonaqlara komissiyanın funksiyaları və fəaliyyəti, dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkili, indiyədək keçirilən müsabiqələrin nəticələri, dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlər barədə ətraflı məlumat vermişdir.
Y.Petkeviciene Azərbaycanda həyata keçirilən islahatları və ölkəmizin iqtisadi inkişaf templərini yüksək qiymətləndirmişdir. Dövlət Qulluğu Komissiyasının fəaliyyətinin əhəmiyyətini vurğulayan qonaq vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin demokratik dövlət quruculuğu prosesinə özünün layiqli töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
Eyni zamanda, Y.Petkeviciene Avropa İttifaqının üzvü olan ölkəsinin dövlət qulluğu və kadrların idarə olunması sahəsində təcrübəsi barədə ətraflı məlumat vermiş, aparılan islahatlardan danışmışdır.
Görüşdə hər iki ölkənin dövlət qulluğu sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanmış və bu məqsədlə təlim kurslarının, qarşılıqlı tanışlıq səfərlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın perspektivləri və digər məsələlər də müzakirə olunmuşdur.
Sentyabrın 19-da litvalı qonaqlar Prezidentin İcra Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov və Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov ilə görüşmüşlər.
Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olan Litva Respublikasının Baş Etika Komissiyasının nümayəndə heyəti bu təhsil ocağının maddi-texniki bazası və tədris proqramı ilə tanış olmuşdur.