Litva Dövlət Vergi Müfəttişliyinin rəhbəri: “Azərbaycan “bir pəncərə” sisteminin tətbiqində artıq Litvanı qabaqlayır”
Bakı, 5 may (AZƏRTAC). Azərbaycan Vergilər Nazirliyi və Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi mayın 5-də Bakıda texniki əməkdaşlıq haqqında saziş imzalamışlar. Sənədi Azərbaycan tərəfindən vergilər naziri Fazil Məmmədov, Litva tərəfindən Dövlət Vergi Müfəttişliyinin başçısı Modestas Kaseliauskas imzalamışdır.
Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin başçısı cənab Modestas Kaseliauskas AZƏRTAC-a müsahibə vermişdir.
-Azərbaycanın və Litvanın vergi orqanları arasında qarşılıqlı münasibətlər bu gün hansı səviyyədədir?
-Bizim əməkdaşlıq artıq təkcə yüksək səviyyədə deyil, həm də bizim təşkilatlar və ayrı-ayrı mütəxəssislər səviyyəsində davam edir. Bu sahədə Litvanın siyasəti belədir: biz iki istiqamətdə işləyirik - həm şərq, həm də qərb istiqamətində. Biz hər iki tərəfdə nə baş verdiyini həmişə bilmək istəyirik. Axı, həmişə nəyi isə öyrənmək olar. Azərbaycan bir sıra sahələrdə mühüm addımlar atmışdır. Bizim ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın inkişafı istiqamətləri, vergitutma sahəsində əməkdaşlığın fəallaşdırılması və hüquqi bazanın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
-Xahiş edirəm deyin, vergitutma sahəsində əməkdaşlıq ölkələrimizin qarşılıqlı əlaqələrinin gələcək inkişafına necə təsir göstərə bilər?
-Mənim fikrimcə, əməkdaşlıq praktiki mərhələyə keçməlidir. Biz konkret layihələrdə əməkdaşlıq edirik. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdə təcrübə mübadiləsi aparmaq imkanımız vardır. Konkret layihələrin təcrübəsindən Azərbaycan da istifadə edə bilər və Litva bu sahədə istənilən köməyi göstərməyə həmişə hazırdır. Bugünkü görüş çox vacibdir, çünki o, əməkdaşlığa təkan verir. Azərbaycan ilə Litva arasında biznes-əməkdaşlığın və investisiyaların miqyası genişlənir. Bu gün imzalanmış müqavilə qəbilindən olan sazişlər isə qanun üzrə işləyən vergi ödəyicilərinin müdafiəsinə, investisiyaların qorunmasına kömək edir.
-Bildiyiniz kimi, bu il Azərbaycan-Litva hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcəkdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında bu komissiyanın roluna necə qiymət verdiyinizi bilmək istərdik.
-Mən həmin komissiyanın rolunu birmənalı olaraq yalnız müsbət qiymətləndirə bilərəm, çünki ölkələrimiz arasında münasibətlər çox dinamik, hərtərəfli və səmərəli inkişaf edir və ən müxtəlif səviyyələrdə çoxlu faydalı görüşlər keçirilir.
-Azərbaycanda vergi sistemi ilə nə dərəcədə tanış ola bildiniz və Azərbaycan haqqında təəssüratlarınız necədir?
-Biz artıq iki gündür ki, buradayıq, Sizin ölkənin vergi sistemi ilə tanış oluruq. Lakin bu bizim ilk tanışlığımız deyildir. Biz müxtəlif forumlarda beynəlxalq səviyyədə görüşmüşük. Azərbaycanın vergi sisteminin bəzi nailiyyətləri barədə də bilirdik. Mən 12 ildir vergi sahəsində işləyirəm, o cümlədən, altı ildir ki, öz ölkəmin vergi müfəttişliyinə rəhbərlik edirəm. Buna görə də vəziyyəti qiymətləndirə bilərəm. Sizdə aparılan islahatların həm miqyası, həm də sürəti mənə xoş təsir bağışlayır. Konkret olaraq iri vergi ödəyiciləri ilə iş üzrə departamentin səviyyəsi çox yüksəkdir. Deyə bilərəm ki, bu departament həm tərkibinə, həm funksiyalarına, həm də texniki təminatına görə Avropa səviyyəsindədir. Müasir idarəetmə prinsipləri əsasında qurulmuş call mərkəzi də yaxşı işləyir. Qeyd etməliyəm ki, ölkənizdə gördüklərimiz həm yüksək səviyyədə, həm də qısa müddətdə yaradılmışdır. Məsələn, bizdə, Litvada buna oxşar sistem tədricən yaradılmışdır. Əlbəttə, biz bu işə Sizdən əvvəl başlamışdıq və hər bir funksiyanı ayrı-ayrılıqda yaratmışıq. Sizdə isə bu cür geniş miqyaslı işi operativ şəkildə və bir layihə çərçivəsində yerinə yetirmişlər. Əlbəttə, bu, diqqətəlayiqdir.
Mənim şəxsi müşahidələrimə gəldikdə isə deməliyəm ki, Azərbaycan çox sürətlə inkişaf etməkdə olan ölkədir. Burada hətta havada da bir energetika hiss olunur - hər şey hərəkətdədir, fəal quruculuq işi gedir.
-Elə istiqamətlər varmı ki, həmin sahələrdə Litva bizim təcrübəmizi öyrənə bilər?
-Bəli, var. Səfər müddətində biz xüsusi rejimli vergi xidməti departamentinin fəaliyyəti ilə, “bir pəncərə” sistemi ilə və Vergilər Nazirliyinin “195” telefon sorğu xidməti ilə tanış olduq. Məsələn, “bir pəncərə” sisteminin tətbiqində siz bizi artıq qabaqlayırsınız. Litvada biznes fəaliyyətinə Azərbaycanda olduğu kimi sürətlə başlamaq mümkün olmadığından, bizdə bu proses xeyli vaxt tələb edir, sizdə isə buna cəmi üç gün kifayətdir. Bundan əlavə, bizdə proseslər sizin ölkədə olduğu kimi yaxşı tənzimlənməmişdir.
-Müsahibə üçün sağ olun.
######
