LİVİYA MƏHKƏMƏSİ “HƏKİMLƏRİN İŞİ”NƏ DAİR HÖKMÜ LƏĞV ETMİŞDİR
Keçən ilin mayında Benqazi məhkəməsi bütün altı müttəhimə güllələnməklə ölüm cəzası təyin etmişdi. Liviyada beynəlxalq xeyriyyə proqramı çərçivəsində işləmiş əcnəbi tibb işçilər üzərində proses 1999-cu ilin fevralından uzadılır. Bütün bu illər ərzində müttəhimlər Liviya həbsxanalarında saxlanılmışlar.
Şübhəli bilinən şəxslərin hamısı istintaqın gedişində boyunlarına almışlar ki, guya ABŞ və İsrailin xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət edərək, uşaqları QİÇS-lə qəsdən yoluxdurmuşlar. Məhkəmədə isə onlar demişlər ki, işgəncə və təhqirlərin təsiri altında özlərinə şər atmalı olmuşlar. Benqazi xəstəxanasında vəziyyəti öyrənmiş əcnəbi ekspertlər bildirmişlər ki, infeksiyanın yayılmasında müttəhimlərin əli yoxdur, çünki yoluxma onların burada işləməyə başlamasından əvvəl baş vermişdir. Lakin Liviya hökuməti hadisə barədə öz versiyasından dönmür.
Dekabrın 25-də ölüm hökmünün ləğvi haqqında qərar Avropa İttifaqı ölkələri və ABŞ hökumətlərinin, beynəlxalq təşkilatların “həkimlərin işi”nə fəal müdaxiləsinin nəticəsi olmuşdur.
Cari il ərzində Liviyanın yüksək vəzifəli məmurları dəfələrlə bildirmişlər ki, uşaqların ailələrinə dəymiş mənəvi və maddi ziyanın əvəzinin ödənilməsi müqabilində ölkə rəhbərliyi ölüm hökmünü ləğv etməyə hazırdır. Bolqarıstan hökuməti kompensasiyalar ödənilməsi məsələsini müzakirə etməkdən imtina edir və öz vətəndaşlarının qeyd-şərtsiz dərhal buraxılması tələbini irəli sürür. Lakin bu yaxınlarda Bolqarıstan QİÇS-ə yoluxmuş liviyalı uşaqlara yardım üçün xeyriyyə fondu yaratdığını açıqlamışdır.