Londonda Paralimpiya oyunları başlanır
Bakı, 29 avqust (AZƏRTAC). XXX Yay Olimpiya oyunlarının başa çatmasından iki həftə keçəndən sonra London yenidən idmançıları qəbul etmişdir. Avqustun 29-da Böyük Britaniyada XIV Paralimpiya oyunlarının təntənəli açılışı olacaqdır.
Londona 166 ölkədən idmançılar gəlmişlər. Bu, dörd il əvvəlki Pekin Olimpiadası ilə müqayisədə 20 ölkə çoxdur.
Olimpiada üçün darıxmış britaniyalıların biletlərin xeyli hissəsini alması oyunlara hazırlığın səviyyəsindən xəbər verir. Belə ki, 2,5 milyon biletin yalnız hələ 100 mini alınmamışdır. Paralimpiya oyunlarına tamaşa etmək üçün Londona azı yarım milyon turist gələcəkdir.
Britaniyalılar daim xatırladırlar ki, əlillər arasında yarışlar məhz onların ölkəsində yaranmışdır. İlk Paralimpiya oyunları 1948-ci ildə Stok-Mandevil şəhərində keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi veteranlarının əhval-ruhiyyəsini yüksəltmək üçün təşkil edilmişdir. O zamandan silahlı toqquşmalarda ziyan çəkənlər iştirakçıların əsas hissəsini təşkil edir. 2012-ci il Paralimpiya oyunlarında da Ruanda, İraq, Bosniyada yaralanmış insanlar iştirak edəcəklər. Azərbaycanı 21 paralimpiyaçı, o cümlədən Hüseyn Həsənov, Oleq Panyutin, Vladimir Zayets, Uluxan Musayev, Elçin Muradov, Rza Osmanov, Mədinət Abdullayeva, Samir Nabirov (yüngül atletika), Yelena Taranova, Əkbər Muradov (güllə atıcılığı), Zinyət Vəliyeva (ox atıcılığı), Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev, Afaq Sultanova (cüdo), Natalya Pronina (üzgüçülük), Elşən Hüseynov, Məhərrəm Əliyev (pauerliftinq) təmsil edəcəkdir.