Macarıstan hökuməti bazar tənzimləməsi siyasətini davam etdirmək niyyətindədir
Budapeşt, 3 aprel, AZƏRTAC
Bu gün Macarıstan Ticarət-Sənaye Palatası tərəfindən təşkil edilmiş iqtisadi siyasət forumu işə başlayıb.
AZƏRTAC MTI agentliyinə istinadla xəbər verir ki, forumda çıxış edən Baş nazir Viktor Orbanın sözlərinə görə, Macarıstan Nazirlər Kabineti bundan sonra da bazar maliyyələşdirilməsi və özəl investisiyalar siyasətinə sadiq qalacaq.
Orban deyib: “Bizim hökumət maliyyələşdirmə çatışmazlığını “məqbul dərəcələr üzrə” kompensasiya edəcək, lakin bu yalnız bazar maliyyələşdirməsi bərpa olunana qədər davam edəcək. Bu tədbir hökumətin antiböhran idarəçiliyinin bir hissəsidir və siyasətin dəyişəcəyindən xəbər vermir - bazar maliyyləşdirməsi bərpa olunmasa, Macarıstan öz hədəflərinə nail ola bilməyəcək”.
Baş nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət əsas fəaliyyəti iqtisadiyyat üzərində cəmləşdirəcək.
Yaxın iki ildə ölkəyə yarım milyon yeni işçi tələb olunacağını söyləyən Orban vurğulayıb ki, bu halda əsas diqqət daxili resursların səfərbər edilməsinə yönəldiləcək. Əmək bazarında əcnəbilərin macarlar qarşısında heç bir üstünlüyü olmadığını vurğulayan Baş nazir daha sonra bildirib ki, yalnız Macarıstanın daxili ehtiyatları tükəndikdə qastarbayterlərdən danışmaq olar.
Baş nazir vurğulayıb ki, investisiya stimulları qorunub saxlanacaq, enerji gücləri artırılacaq. O deyib: “Hökumət ixracyönümlü artım strategiyasını davam etdirəcək və bu, inflyasiyaya üstün gəlməyə imkan verəcək”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt