Macarıstanın Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşmış Dyöndyöş şəhərinin nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur
Bakı, 4 noyabr (AZƏRTAC). Macarıstanın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Şuşa şəhəri ilə qardaşlaşmış Dyöndyöş şəhərinin nümayəndə heyəti oktyabrın 29-dan noyabrın 2-dək ölkəmizdə səfərdə olmuşdur.
AZƏRTAC xəbər verir ki, şəhərin meri Laslo Faraqonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Macarıstanın Jobbik partiyasının nümayəndəsi Keves Tamas, VAMAV şirkətinin direktoru Sandor Ferenc, kənd təsərrüfatı məhsulları və heyvandarlıq sahəsi üzrə ekspert Szecsko Tamas daxil olmuşlar.
Səfərin ilk günü nümayəndə heyəti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələri ilə birgə Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümünə həsr olunmuş anma mərasimində iştirak etmişlər. Qonaqlar Zəngilanla bağlı əyani vəsaitlərlə tanış olmuş və tədbirdə iştirak edən dövlət və hökumət nümayəndələri ilə görüşmüşlər.
Nümayəndə heyəti, həmçinin Bakının qədim və müasir arxitektura tikililərini özündə birləşdirən tarixi abidələri ilə tanış olmuşlar.
Macarıstanlı qonaqlar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə yaratdığı “Qarabağ Araşdırmalar Mərkəzi”ndə olmuşlar. Müxtəlif dillərdə 3 mindən çox kitabın olduğu mərkəzdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilmişdir. Onlar, həmçinin mərkəzin iş fəaliyyəti, buradakı əyani və elektron vəsaitlərlə tanış olmuşlar.
Nümayəndə heyəti “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında qurumun fəaliyyəti, iş prinsipi, görülmüş işlər və qarşıda duran vəzifələrlə tanış olmuşlar. Burada Macarıstanın müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yolları müzakirə olunmuşdur.
Oktyabrın 31-də qonaqlar Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün Bakı şəhəri Ramana qəsəbəsində salınmış şəhərciyə baş çəkmişlər. Onlar məcburi köçkünlər üçün yaradılmış şəraitlə maraqlanmış, həmçinin məcburi köçkün uşaqların təhsil aldıqları orta məktəbin, musiqi və mədəniyyət məktəblərinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Məktəbin özfəaliyyət dərnəyinin ifasında macarıstanlı qonaqlara Qarabağın zəngin mədəniyyətini özündə əks etdirən bədii kompazisiya nümayiş etdirilmişdir. Daha sonra nümayəndə heyəti şəhərcikdə yaşayan ailələrdən birinin qonağı olmuş, məcburi köçkünlərə dövlətimizin göstərdiyi diqqət və qayğı ilə maraqlanmışlar. Qonaqlara erməni qəsbkarlarının dinc əhaliyə qarşı törətdikləri vandalizm haqqında məlumat verilmişdir.
Səfərin son günü nümayəndə heyəti Şuşa Rayon İcra Hakimiyyətinin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələri ilə birgə Quba rayonuna səfər etmiş və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Son 200 ildə, eləcə də XX əsrin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər, o cümlədən 1918-ci ildə Qubada ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlandırılan qonaqlar arxeoloji qazıntılar zamanı tapılmış məzarlığı da ziyarət etmişlər.
Zəngin mədəniyyətə malik Qubanın tarixi ilə yaxından tanış olan qonaqlar “Qədim Quba” xalça sexində Azərbaycanın adət-ənənələrini özündə əks etdirən xalçalara maraqla baxmışlar.
Macarıstan nümayəndə heyətinin üzvləri Azərbaycana məhsuldar səfərin dost ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişlər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına, Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən bir millətə qarşı törədilmiş soyqırımı aktı kimi tanınacağına və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildirmişlər.