Malayziyanın yeni hökuməti və qarşıda duran çətin vəzifələr
Kuala Lumpur, 22 avqust, AZƏRTAC
Avqustun 21-də Malayziyanın yeni Baş naziri, ölkənin ən böyük siyasi təşkilatı olan Birləşmiş Malay Milli Təşkilatının (yeni UMNO) sədrinin müavini İsmail Sabri Yakobun andiçmə mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Malayziyanın Ali hökmdarı - Kral Abdul Əl-Mustafa İstan Neqara sarayında 61 yaşlı siyasətçinin andiçmə mərasimində iştirak edib. Andiçmə mərasimi milli telekanallar vasitəsilə canlı yayımlanıb.
Qeyd edək ki, Malayziyanın Baş naziri vəzifəsi avqustun 16-da, 18 ay hökumətə rəhbərlik etmiş Muhiddin Yassin istefa verdikdən sonra boş qalıb. M.Yassin istefanın səbəbini qanunvericilərin əksəriyyətinin dəstəyini itirməsi ilə izah etsə də, mütəxəssislər bunu Baş nazir ilə Kral arasında yaranmış qarşıdurma ilə əlaqələndirirlər. Belə ki, M.Yassin cari ilin yanvarında Ali hökmdar tərəfindən elan edilən fövqəladə vəziyyət rejimini Kralla razılaşmadan təxminən bir ay əvvəl ləğv etmək barədə qərar qəbul edib. Bu isə Ali hökmdar tərəfindən etirazla və Baş nazirin ünvanına kəskin tənqidlə qarşılanıb. Yalnız bundan sonra Malayziya parlamentinin deputatlarının çoxu hökumətə dəstək verməkdən imtina ediblər.
Son günlər Malayziyanın Ali hökmdarı parlamentin aşağı palatasının deputatları ilə müzakirələr apararaq, onların yarıdan çoxunun dəstəklədiyi Baş nazirin müavini İsmail Sabri Yakobun Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib. Parlamentin aşağı palatasının 222 deputatından 114-ü onun namizədliyini dəstəklədiyini bildirib.
Bəs, indiki çətin dövrdə Malayziya hökumətinin qarşısında əsas hansı vəzifələr durur və yeni Baş nazir bu vəzifələrin öhdəsindən gələ biləcəkmi?
Bu sual indi Malayziya üzrə mütəxəssislərin və kütləvi-informasiya vasitələrinin ən çox müzakirə etdiyi məsələyə çevrilib.
İlkin olaraq, yeni Baş nazir hökuməti formalaşdırmaqla yanaşı, parlamentin xüsusi iclasını çağırmalı və yeni kabinetə etibarı təsdiq etməlidir. Belə bir şərt ölkənin Ali hökmdarı - Kral Abdul Əl-Mustafa tərəfindən irəli sürülüb. Kral, həmçinin ölkənin bütün siyasi qüvvələrini cari böhranı aradan qaldırmaq üçün sıx birliyə də çağırıb.
Mütəxəssislərin qənaətinə görə, hökumətin yeni başçısının qarşısında duran prioritet vəzifələr sırasında əsas yeri ölkənin son aylar qarşılaşdığı sosial-iqtisadi böhranı aradan qaldırmaq tutur. Sabiq Baş nazir iyunun əvvəllərində koronavirus pandemiyasının kəskin artması ilə əlaqədar ölkənin bütün ərazisində lokdaun elan edib. Bu qadağalara baxmayaraq, son aylar ərzində Malayziyada gündəlik orta yoluxma sayı təqribən beş dəfədən çox artıb. Eyni zamanda, ölkədə məhdudiyyətlər səbəbindən kiçik və orta biznes ciddi zərər çəkib.
Bununla yanaşı, sabiq hökumət Malayziyada vaksinasiyanın yüksək sürətlə aparılmasını təmin edə bilib. Belə ki, sabiq Baş nazirin bildirdiyinə görə, oktyabr ayınadək əhalinin yaşlı təbəqəsinin tam vaksinasiyasının başa çatdırılması və onun peyvəndin hər iki dozasını almaq imkanı yaranıb.
Yeri gəlmişkən qeyd edək ki, yerli mütəxəssislər İsmail Sabri Yakobu təcrübəli siyasətçi və idarəetmə qabiliyyətinə malik şəxs kimi yüksək qiymətləndirirlər. Belə ki, o, 2008-2018-ci illərdə müxtəlif nazir vəzifələrini tutub. Onun bu vəzifələrin öhdəsindən bacarıqla gəldiyi bildirilsə də, bir sıra səhvlərə yol verdiyi də qeyd edilir. Misal üçün, 2015-ci ildə İ.S.Yakob kənd təsərrüfatı naziri vəzifəsini tutarkən Çindən gətirilən məhsulları boykota çağırıb. Bundan əlavə, bu siyasətçinin Səhiyyə Nazirliyinin çağırışlarına baxmayaraq, elektron siqaret satanları dəstəklədiyi də bildirilir.
Əlavə olaraq qeyd edək ki, İ.S.Yakob əvvəlki hökumətdə təhlükəsizlik məsələlərinə baxan böyük nazir və müdafiə naziri vəzifələrini icra edib. Bundan əlavə koronavirusla mübarizəyə rəhbərlik edən bu siyasətçi bir neçə ay əvvəl Baş nazirin müavini təyin edilib.
Həmçinin onun əsas rəqibi, “Ümid alyansı” müxalifət blokunun lideri Ənvər İbrahimin öz tərəfdarlarını İ.S.Yakobu dəstəkləməyə çağırması, bu siyasətçinin qarşıdakı vəzifələri həyata keçirməsi üçün ona verilən daha bir şans kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, mütəxəssislər avqustun 21-də baş tutan təyinatın daha bir maraqlı məqamla diqqəti cəlb etdiyini də bildirirlər. Belə ki, İ.S.Yakobun Baş nazir vəzifəsinə təsdiqi 2018-ci ilin mayında keçirilən ümumi seçkiləri uduzan UMNO-nun faktiki olaraq hakimiyyətə qayıdışı kimi də dəyərləndirilir. Bu partiya Malayziya müstəqillik qazandıqdan sonra təqribən 60 il hakimiyyətdə olsa da, həmin vaxt baş verən böyük maliyyə qalmaqalları nəticəsində seçkiləri uduzub. Partiyanın lideri və həmin vaxt ölkənin Baş naziri olan Nacib Razak isə ölkənin Ali məhkəməsi tərəfindən 12 il həbs cəzasına və böyük məbləğdə cərimə ödəməyə məhkum edilib. Hazırda N.Razakın vəkillərinin məhkəmə hökmündən apelyasiya şikayəti verməsi səbəbindən o, azadlıqdadır.
Göründüyü kimi, Malayziyanın yeni hökuməti ölkə üçün çox qarışıq bir dövrdə vəzifələrinin icrasına başlayır. Lakin həm Kralın, həm əsas müxalifətin, həm də ölkənin ən böyük siyasi təşkilatının onu dəstəkləməsi bu vəzifələrin icrası üçün ona əlverişli imkanlar yaradır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur