Malini Mehra: “Bakı İqlim Fəaliyyəti Həftəsi” qlobal iqlim gündəliyinin icrasına töhfə verir
Bakı, 8 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW) Azərbaycanın iqlim gündəliyində davamlı liderliyinin göstəricisidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “London İqlim Həftəsi”nin, eləcə də “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin kuratoru, səfir Malini Mehra deyib.
Bildirib ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin artıq üçüncü dəfə keçirilməsi Azərbaycanın iqlim gündəliyində davamlı və ardıcıl liderliyini nümayiş etdirir.
“Bu, Azərbaycanın bu gündəlikdə davamlı və ardıcıl liderliyinin göstəricisidir”, - deyə Malini Mehra vurğulayıb.
Səfirin sözlərinə görə, “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində əsas məqsədlərdən biri COP-lardan sonra müəyyənləşdirilən prioritetlərlə Bakıda davamlı şəkildə müzakirə olunan mövzular arasında daha böyük uyğunluğun təmin edilməsidir.
“Bu, qlobal iqlim fəaliyyət gündəliyinin icrası ilə bağlıdır və “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə davamlı şəkildə diqqət yetirdiyimiz mövzularla əlaqəlidir”, - deyə o qeyd edib.
Malini Mehra bildirib ki, iqlim maliyyəsi, davamlı enerji keçidi, su ehtiyatları, şəhərlərin iqlim fəaliyyətində rolu, eləcə də metan emissiyalarının azaldılması əsas prioritetlər sırasındadır.
“Bütün bunlar həyata keçirilən tədbirləri çox aydın şəkildə nümayiş etdirmək və hökumətlərin, eyni zamanda cəmiyyətin digər aktorlarının fəaliyyətinin nəticələrə gətirib çıxara biləcəyinə insanların inamını artırmaq məqsədi daşıyır”, - deyə səfir əlavə edib.
Malini Mehra, həmçinin iqlim maliyyəsi üzrə Bakı nəticələrinin əhəmiyyətinə toxunub. Malini Mehra qeyd edib ki, Bakı razılaşması çərçivəsində iqlim maliyyəsinin artırılması ilə bağlı qarşıya mühüm hədəflər qoyulub.
“Bakıda keçirilən COP29 danışıqları zamanı nəticəsi ən azı 300 milyardın, müəyyən vaxt çərçivəsində isə ən azı 1,3 trilyonun səfərbər edilməsindən bəhs olunub və məqsəd kimi irəli sürülüb. Növbəti Türkiyədə keçiriləcək COP31 Sədrliyin bu hədəfləri daha da irəli aparması mümkündür. Bu, ambisiyanı artırmaqla yanaşı, əldə olunan dinamikanı qorumaq məsələsidir”, - deyə Malini Mehra bildirib.