Abşeron Milli Parkında astro kamp təşkil edilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Abşeron Milli Parkında Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Gününə həsr olunmuş “Təmiz hava – ulduzlu səma” adlı astro kamp təşkil edilib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirdə iştirakçılar dəniz sahilində təmiz havadan zövq alıb, teleskop vasitəsilə ulduzları seyr edib, Abşeron Milli Parkının gecə mənzərəsini müşahidə ediblər.
Tədbirin keçirilməsində məqsəd atmosferə atılan tullantıların azaldılmasının əhəmiyyətinə diqqət çəkmək, təmiz hava naminə həmrəyliyi təşviq etmək, sağlam və dayanıqlı təbii mühitin qorunmasını təbliğ etmək, həmçinin bu istiqamətdə xüsusi mühafizə olunan təbiət ərazilərinin rolunu göstərməkdir.