BCAW2026: İqlim maliyyəsinin səfərbər edilməsində karbon bazarlarının rolu artır
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində “Karbon bazarı müzakirəsi: Karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin hərəkətə keçirilməsi” adlı panel sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bakı Fond Birjasının baş iqtisadçısı Emin Əliyevin moderatorluğu ilə keçirilən panel sessiyada karbon bazarlarının inkişaf perspektivləri, karbon kreditlərinin keyfiyyəti və etibarlılığı, iqlim maliyyəsinin səfərbər edilməsində karbon bazarlarının rolu, həmçinin Azərbaycanda bu sahədə zəruri infrastrukturun formalaşdırılması məsələləri müzakirə olunub.
Azərbaycan Mərkəzi Bankının Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin iqtisadçısı Əli Əhmədzadə yüksək dürüstlüyə malik karbon bazarlarının iqlim maliyyəsinin səfərbər edilməsində və qlobal iqlim fəaliyyətinin sürətləndirilməsindəki rolu barədə danışıb.
AZAL-ın ESG Məlumatlarının İdarə Edilməsi üzrə biznes tərəfdaşı Məhəmməd Əliyev bildirib ki, karbon artıq yalnız ekoloji məsələ deyil, həm də biznes və maliyyə qərarlarına təsir edən mühüm amilə çevrilib. O, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb.
“Process Engineering” şirkətinin sahibi və direktoru Elnur Mustafayev karbon bazarlarının sənaye və istehsal sektorları üçün yaratdığı imkanlardan danışıb. O, müəssisələrin emissiyaların azaldılması üzrə fəaliyyətlərinin ölçüləbilən və şəffaf mexanizmlərlə qiymətləndirilməsinin, eləcə də karbon layihələrinin iqtisadi baxımdan səmərəli modellərlə dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.
“Socar Green” şirkətinin İnvestisiyalar və layihələrin işlənilməsi üzrə direktoru Rza Nağıyev könüllü karbon bazarlarında karbon kreditlərinin qiyməti və keyfiyyətinin fərqləndiyini bildirib. Onun sözlərinə görə, bazar iştirakçıları aldıqları karbon kreditlərinin real ekoloji fayda yaratmasına və yüksəkkeyfiyyətli olmasına daha çox diqqət yetirirlər.
“Unibank”ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova qeyd edib ki, maliyyə sektoru yaşıl keçidin maliyyələşdirilməsində və iqlim məqsədlərinə çatmaq üçün investisiyaların səfərbər edilməsində mühüm rol oynayır.
Bakı Fond Birjasının nümayəndəsi Aygün Həsənova karbon bazarlarının maliyyə bazarları ilə inteqrasiyası, karbon kreditlərinin maliyyə aləti kimi inkişaf etdirilməsi və bu sahədə şəffaflığın təmin olunmasının əhəmiyyətindən danışıb.
Sessiyada yüksək dürüstlüyə malik karbon bazarlarının iqlim maliyyəsinin səfərbər edilməsində və qlobal iqlim fəaliyyətinin sürətləndirilməsindəki rolu barədə geniş fikir mübadiləsi aparılıb.
Panel sessiya müzakirələrlə davam edib.