Bakı Fond Birjasının nümayəndəsi: Bərpaolunan enerji layihələri böyük perspektivə malikdir
Bakı, 7 sentyabr, AZƏRTAC
Bərpaolunan enerji layihələri böyük perspektivə malikdir. Regionumuzda mövcud potensial əvvəlkindən 3 dəfə çoxdur və bu, gələcək üçün mühüm investisiya imkanı yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində “Karbon Bazarı Müzakirəsi: Karbon Bazarları Vasitəsilə İqlim Maliyyələşməsinin Hərəkətə Keçirilməsi” mövzusunda təşkil olunan panel sessiyada Bakı Fond Birjasının nümayəndəsi Aygün Həsənova deyib.
“Bu imkandan faydalanmaq üçün keçidin maliyyələşdirilməsinə daha çox kapital cəlb etməliyik. Banklar hər zaman əsas maliyyə mənbəyi olaraq qalacaq, lakin biz, eyni zamanda, alternativ kapital mənbələrini hərəkətə keçirməliyik. Bu baxımdan kapital bazarları müstəsna rol oynayır. Onlar institusional və özəl kapitalı sürətlə böyüyən və real dayanıqlılıq nəticələri verən yaşıl sektorlara yönəltməyə imkan yaradır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, dayanıqlı maliyyə mexanizmləri, ilk növbədə, maarifləndirməni artırır və iqtisadiyyatın transformasiyasına xidmət edən yeni layihələrin reallaşmasına imkan verir: "Bazarın təsirini nəzərə alaraq, şirkətlər investor etimadını qazanmaq üçün şəffaf məlumatlar təqdim etməlidir. Şəffaflığın təmin olunması beynəlxalq investorların cəlb edilməsi üçün üfüqləri genişləndirir".