Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi olaraq üzv dövlət statusu əldə edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla, ölkəmiz BIPM-də 2015-ci ildən bəri sahib olduğu assosiativ üzvlükdən üzv dövlət statusuna keçid edib. Həmin vaxtdan təməli qoyulmuş bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il 7 iyul tarixində “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi ilə başa çatıb. Məlumat üçün bildirək ki, “Metrik Konvensiya”ya qoşulmaq BIPM-də üzv dövlət statusunun əldə olunması üçün əsas şərtlərdən biri idi.
Yeni status Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) beynəlxalq metrologiya sahəsində fəaliyyət imkanlarını genişləndirir. Bu status ilə ölkəmiz metrologiya sisteminin beynəlxalq səviyyədə tanınması, beynəlxalq metroloji qərarların formalaşdırılmasında bilavasitə iştirak, milli metrologiya infrastrukturunun BIPM sisteminə inteqrasiyası və kalibrlənmə xidmətlərindən ödənişsiz yararlanma, eləcə də milli etalon bazası və kalibrlənmə imkanlarının qabaqcıl təcrübə və biliklərə əsaslanaraq inkişaf etdirilməsi imkanı əldə edir.
AzMİ indiyədək BIPM-in əsas tutuşdurmalara dair məlumat bazasında (KCDB) 35 kalibrlənmə və ölçmə imkanını (CMC) qeydiyyata aldırıb, 11 beynəlxalq tutuşdurmada iştirak edib. Bundan əlavə, AzMİ Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatının (COOMET) üzvü kimi “Milli Etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişdə (CIPM MRA) təmsil olunub.
Qeyd edək ki, “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.