On bir layihə Azərbaycanın milli enerji sisteminə inteqrasiya ediləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan 2030-cu ilədək ölkənin quraşdırılmış enerji gücündə bərpaolunan enerji mənbələrinin payını 39, 2035-ci ilədək isə təxminən 43 faizə çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları sistemi regional inteqrasiya üçün” mövzusunda keçirilən panel sessiyada deyib.
O bildirib ki, 2027-ci ilədək ümumi gücü 2 giqavat olan 11 Günəş və külək enerjisi layihəsi Azərbaycanın milli enerji sisteminə inteqrasiya ediləcək: “Ölkəmiz yaşıl enerji keçidinə liderlik edir, həm bərpaolunan enerji güclərini, həm də transsərhəd enerjiötürmə dəhlizlərini inkişaf etdirir”.
Orxan Zeynalov vurğulayıb ki, 2027-ci ilin sonunadək 2 giqavat həcmində bərpaolunan enerji gücünün istifadəyə verilməsi 5 milyard kilovat-saat elektrik enerjisinin istehsalına imkan verəcək. Bununla yanaşı, təxminən 1,1 milyard kubmetr təbii qaza qənaət ediləcək və illik istixana qazı emissiyaları 2,4 milyon ton azalacaq.
Nazir müavini diqqətə çatdırıb ki, 2032-ci ilədək quruda və dənizdə ümumi gücü 8 giqavata yaxın bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. İstehsal olunan enerjinin 4 interkonnektor vasitəsilə ixrac edilməsi, həmçinin məlumat və süni intellekt mərkəzlərinin elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Orxan Zeynalov Azərbaycanın regional enerji bağlantılarının inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi, Azərbaycan-Türkiyə interkonnektoru və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Enerji Dəhlizi üzrə işlər aparılır: “Bu layihələri regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində inkişaf etdiririk. Bu, daha əlaqəli, təhlükəsiz və dayanıqlı gələcəyin qurulmasına ortaq öhdəliyi əks etdirir”. -
O deyib ki, sözügedən layihələr milli enerji strategiyalarından daha inteqrasiya olunmuş regional enerji sisteminə keçidi nümayiş etdirir.