Natəvanın poetik dünyasına fərqli baxış: Mir Azər Abdullayevin “Qərənfil” əsəri
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan təsviri sənətində Xurşidbanu Natəvan obrazı müxtəlif dövrlərdə bir çox rəssam tərəfindən fərqli bədii yanaşmalarla təqdim olunub. Bu obrazı yaradan sənətkarlar arasında Natəvanın portretini realizm üslubda təqdim edən əsərlər xüsusi yer tutur. Onlardan biri də Oqtay Sadıqzadənin 1983-cü ildə realizm üslubunda yaratdığı “Xurşidbanu Natəvan” portretidir. Rəssam Mir Azər Abdullayev isə Natəvan obrazına fərqli vizual yanaşma sərgiləyərək onun xarici görünüşündən daha çox, poetik dünyasını ön plana çıxarıb.
Rəssamın Xurşidbanu Natəvanın “Qərənfil” şeirindən ilhamlanaraq yaratdığı əsərdə əsas bədii obraz kimi qərənfil seçilib. Əsərdə qərənfil yalnız çiçək təsviri deyil, Natəvanın poetik duyğularının, sevgi və məhəbbət hisslərinin ifadə vasitəsinə çevrilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində əsərin yaranma ideyasından danışan Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, rəssam Mir Azər Abdullayev bildirib ki, onun yaradıcılığında heç bir ideya təsadüfi şəkildə meydana gəlmir.

“İstənilən əsər üzərində işləyərkən ideyalarımı heç vaxt təsadüfi şəkildə formalaşdırmıram. Yaranan hər bir fikir müəyyən bir bazaya, maraqlı məlumata, müşahidəyə və ya hissə əsaslanır. Bütün bu elementlər bir-biri ilə qovuşaraq nəticədə vahid vizual obraz və bədii ifadə yaradır. Bu əsər də məhz belə bir yanaşmanın nəticəsidir. Əsərimdə Natəvanı tamamilə fərqli formada, başqa bir vizual nöqtədən görmək istədim. Mənim üçün Natəvanın obrazını müəyyən edən əsas məqam onun zahiri görünüşündən daha çox, yaratdığı poeziya, şeirlərindəki incəlik və duyğusal dünyasıdır”, – deyə Mir Azər Abdullayev vurğulayıb.
Rəssamın sözlərinə görə, əsərin ideyası Natəvanın “Qərənfil” şeirini oxuyarkən formalaşmağa başlayıb. Şeirdəki obrazlar və poetik ifadələr onda müxtəlif vizual və rəngkarlıq ideyaları yaradıb: “Burada söhbət yalnız qərənfildən getmir. Qərənfil bu əsərdə sevginin, məhəbbətin simvoluna çevrilir. O, artıq sadəcə bir çiçək deyil, Natəvanın poetik dünyasını, hisslərini və sözlərini özündə daşıyan bir obraza çevrilir”.
Məhz bu ideyadan çıxış edən müəllif qərənfili kompozisiyada Natəvanın dodaqları üzərində yerləşdirib. O, əsərdə Natəvanın dodaqlarının demək olar ki, görünmədiyini, diqqət mərkəzində isə qərənfilin dayandığını bildirib. “Bununla demək istəyirəm ki, bu əsərdə Natəvanın sözlərini artıq onun dodaqları deyil, qərənfil söyləyir. Yəni qərənfil burada Natəvanın poetik sözlərinin ifadəçisinə çevrilir”, – deyə rəssam əlavə edib.
Əsərin sağ, sol və yuxarı hissələrində “Qərənfil” şeirindən seçilmiş misraların yerləşdirilməsi də kompozisiyanın əsas ideyasını tamamlayır. Beləliklə, Natəvanın söylədiyi poetik sözlər qərənfil vasitəsilə tamaşaçıya çatdırılır.
Rəsm əsərinin ideya mənbəyini təşkil edən Xurşidbanu Natəvanın “Qərənfil” şeirindən aşağıdakı misralar kompozisiyada da öz əksini tapıb:
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşuftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu teləti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa qərənfil!
Müxbir – Gülay Nəzərova