Ənənə ilə müasirlik arasında: Azərbaycan incəsənəti hansı istiqamətdə inkişaf edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Müasir Azərbaycan incəsənəti transformasiya dövrünü yaşayır, belə ki, rəssamlar getdikcə daha çox konseptual sənətə, instalyasiyaya, videoincəsənətə, performansa, qarışıq texnikalara və rəqəmsal texnologiyalara müraciət edirlər. Bununla yanaşı, rəngkarlıq hələ də öz mövqeyini qoruyur.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Şəmsədin¬skaya deyib.
Onun sözlərinə görə, müasir bədii prosesin əsas xüsusiyyətlərindən biri ənənə ilə yenilikçilik arasında dialoqdur. Xalça sənəti, milli ornament, miniatür, muğam, memarlıq, poeziya və ənənəvi rəng sistemi hərfi şəkildə sitat gətirilən nümunələrə deyil, yaradıcı şəkildə yenidən dərk edilən materiala çevrilir.
“Azərbaycan incəsənəti müasir incəsənətin universal dilində danışır və qlobal mövzulara - identikliyə, ekologiyaya, texnologiyalara və sosial dəyişikliklərə müraciət edir. Bununla belə, bu bədii ifadənin əsasında öz mədəni yaddaşımız qorunub saxlanılır. Mənim üçün bu fərdiliyi qorumaq vacibdir, çünki beynəlxalq auditoriyanın marağını məhz bu xüsusiyyət cəlb edə bilər. Biz dünya tendensiyalarını sadəcə təkrarlamamalıyıq”, - deyə rəssam qeyd edib.
Azərbaycan təsviri sənətində hələ kifayət qədər açılmamış mövzulardan danışan M.Şəmsədinskaya müasir insanın daxili aləminin daha dərindən dərk edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, yerli incəsənətdə tarixi yaddaş, milli identiklik, Qarabağ, mədəni irs, mənzərə və şəhər obrazı geniş şəkildə təqdim olunur, halbuki insanın psixoloji və ekzistensial vəziyyətlərinə nisbətən daha az diqqət yetirilir.
“Müasir incəsənət təkcə kollektiv yaddaşdan deyil, həm də fərdi yaşantılardan danışmalıdır. Sürətli dəyişikliklər - Bakının və digər şəhərlərin transformasiyası, ətraf mühitlə münasibətlər, yeni ailə və sosial modellər, texnologiyaların təsiri, qadın təcrübəsi, identiklik axtarışı və şəxsiyyətin cəmiyyətlə münasibətləri - şəraitində insan həyatını araşdırmaq da vacibdir”, - deyə müsahibimiz əlavə edib.
Rəssamın milli dəyərlərə sadiqliyini qorumaqla yanaşı, həm də beynəlxalq auditoriya üçün necə anlaşıqlı əsərlər yarada biləcəyi sualını cavablandıran Mehriban Şəmsədinskaya qeyd edib ki, müəllif milli və universal olan arasında süni seçim etməməlidir. Həqiqi incəsənət rəssamın öz köklərini dərindən dərk etdiyi, lakin milli mənsubiyyətindən asılı olmayaraq insanlara yaxın olan hisslərdən danışdığı zaman yaranır.
Müxbir – Günel Alıyeva