MARK TETÇER MONAKODA ARZUOLUNMAZ ŞƏXS ELAN EDİLMİŞDİR
Knyaz sarayının mətbuat katibi Arman Deus demişdir: “Mark Tetçerin Monako pasportunun müddəti 2006-cı ilin ikinci yarısında bitir və uzadılmayacaqdır. Mən ser Markın pasportunun müddətinin nə səbəbdən uzadılmayacağını bilmirəm. Lakin knyaz qəti şəkildə anlatmışdır ki, Monakoda həyat etikaya əsaslanmalıdır”.
Bildirilir ki, Tetçerin adı arzuolunmaz əcnəbilər siyahısına salınmışdır. Adətən, bu siyahıya qanunsuz yollarla qazanılmış pulları liberallaşdıranlar, vergiləri ödəməkdən yayınanlar, narkotika alverçiləri və mafiya üzvləri daxil edilir.
Bundan əvvəl bildirilmişdi ki, Tetçer Monakoya həmişəlik köçmək niyyətindədir.
Xatırladaq ki, bu ilin yanvarında Cənubi Afrika Respublikasının məhkəməsi 52 yaşlı Mark Tetçeri Ekvatorial Qvineyada silahlı çevriliş cəhdində iştiraka görə şərti olaraq dörd il müddətinə azadlıqdan məhrum etmiş və ona iri məbləğdə pul cəriməsi kəsmişdir. O, həmin ölkəyə təhvil verilmək təhlükəsindən canını qurtara bilmişdir. Burada onu ya ölüm cəzası, ya da uzunmüddətli həbs gözləyirdi. Ser Mark anası baronessa Marqaret Tetçerin məsləhəti ilə təqsirini qismən boynuna almışdır.
Bu ilin aprelində Mark Tetçerə arvadının və iki övladının yaşadığı Birləşmiş Ştatlara getmək üçün viza verilməmişdir. İndi ər-arvad boşanmağa hazırlaşırlar. O, 1985-ci ildən yaşadığı CAR-a qayıtmaq fikrində deyildir. Hazırda Mark Tetçer anası ilə Londonda yaşayır.