Marketdə istehlaka yararsız qida məhsulları aşkar olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı şəhərinin M.Ə.Rəsulzadə küçəsində fiziki şəxs Yusifov Ağasayıl Əliağa oğluna məxsus “Ocaq” marketdə aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Mal qonşuluğu prinsipinə əməl olunmadığı və yararlılıq müddəti bitmiş qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.