Marneuli rayonundakı Sadaxlı məktəbinin direktoru Gürcüstan Təhsil Nazirliyinin qızıl medalına layiq görülmüşdür
Marneuli, 5 iyun (AZƏRTAC). Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsindəki Marneuli rayonunun Gürcüstan-Ermənistan sərhədində yerləşən Sadaxlı kəndindəki 2 nömrəli məktəbin direktoru, Gürcüstan Prezidentinin müvafiq Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüş Adil Şərifovun anadan olmasının 70, pedaqoji fəaliyyətinin isə 50 illiyi tamam olmuşdur.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə Gürcüstan Baş nazirinin müavini, təhsil və elm naziri Georgi Marqvelaşvili, Marneuli rayonunun rəhbərliyi, bölgə ziyalılarının, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimdə məlumat verilmişdir ki, qocaman maarif işçisi Gürcüstan Təhsil və Elm Nazirliyinin “Əməkdar” adlı qızıl medalına layiq görülmüşdür.
Mükafatı yubilyara nazir G.Marqvelaşvili təqdim etmişdir. Nazir A. Şərifova gənclərin təlim-tərbiyəsi işində daha böyük uğurlar, cansağlığı arzulamışdır.
Məktəbdə təlim-tərbiyə işləri ilə tanış olduqdan sonra nazir buradakı səliqə-sahmandan çox razı qaldığını qeyd etmişdir. Bildirmişdir ki, A.Şərifov Gürcüstanda bu mükafata layiq görülmüş 6-cı təhsil işçisidir. Bu gün bir daha şahid olduq ki, belə təhsil fədailəri hər cür alqışa və mükafata layiqdirlər.
Sonda Adil Şərifov əməyinə verilən yüksək qiymətə görə nazirə və mərasim iştirakçılarına təşəkkürünü bildirmişdir.
Hazırda Sadaxlı kənd 2 nömrəli məktəbində 961 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 72 müəllim məşğul olur. Həmin müəllimlərin əksəriyyəti bu məktəbin məzunudur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli