Marneulidə Cənubi Qafqazda münaqişələr və onların həlli yolları müzakirə edilib
Tbilisi, 14 fevral, AZƏRTAC
Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Rondeli Fondu) Marneulidə “Cənubi Qafqazda münaqişələr və onların həlli yolları” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir ATƏT-in Ali Komissarlığının dəstəyi və tərəfdaşlığı ilə həyata keçirilən “Milli azlıq nümayəndələrinin siyasi proseslərdə iştirakı” layihəsi çərçivəsində reallaşıb.
Rondeli Fondunun əməkdaşı Şota Utiaşvili çıxış edərək Cənubi Qafqazda gedən proseslər, mövcud münaqişələr, o cümlədən Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində baş verən hadisələr, əhalinin sosial-iqtisadi vəziyyəti barədə ətraflı məlumat verib.
Fondun təmsilçisi azərbaycanlı tələbələrə regional münaqişələrin həllində milli azlıqların rolu barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, layihənin Kvemo Kartli bölgəsində rəsmi tərəfdaşı Marneulidə fəaliyyət göstərən İnkişaf və Təhsil Mərkəzidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi