Martın 23-cü ümumdünya meteorologiya günüdür
Bakı, 23 mart (AZƏRTAC). Azərbaycan 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulmuşdur və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra edir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi ənənəyə çevrilmişdir. “Sizin üçün iqlim” devizi isə bu ilin mövzusu seçilmişdir. Bu deviz son illər qlobal iqlim dəyişmələri fonunda artan sellər, daşqınlar, tropik qasırğalar, tornado, sunami, rekord hava temperaturları və digər tipli hidrometeoroloji hadisələr baxımından çox aktual olmuşdur.
Qlobal iqlim dəyişmələrinin törətdiyi fəsadların artmasına cavab olaraq dünya meteoroloqları 2009-ci ilin avqust-sentyabr aylarında bir araya gəlib üçüncü Dünya İqlim Konfransında tamamilə yeni bir xidmətin - İqlim Xidmətlərinin Qlobal Çərçivəsinin yaradılması planını təsdiq etmişlər.
Cari ilin mayında təşkilatın baş qərargahının yerləşdiyi Cenevrə şəhərində keçiriləcək Ümumdünya Meteorologiya Təşkilatının 16-ci Konqresində bu mövzu diqqət mərkəzində olacaqdır, bu sahədə görülən işlər barədə məlumat veriləcək və yeni qərarlar qəbul ediləcəkdir. Bu layihənin nəticəsi olaraq 2019-cu ilədək hidrometeoroloji xarakterli təbii fəlakət hadisələrindən dəyən ziyanın minumuma endirilməsi və ölənlərin sayının 1994-2003-cü illərə nisbətən iki dəfə azaldılması nəzərdə tutulurmuşdur.
Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı 1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmışdır. Ümumdünya Meteorologiya Təşkilatı 1951-ci ildən Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir.
Xatırladaq ki, Ümumdünya Meteorologiya Təşkilatının Prezidenti Aleksandr Bedritski və baş katibi Mişel Jaro 2010-cu ilin oktyabrında Qəbələ şəhərində keçirilmiş MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyasında iştirak etmişlər.