Martinikanın nümayəndəsi: Bu, müstəmləkələrin ortaq müqavimət tarixidir
Nyu-York, 15 aprel, AZƏRTAC
“Dekolonizasiya səssiz qala bilməz. Bu bir hüquqdur və biz bu hüquqdan istifadə etməliyik”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Martinikada MODEMAS hərəkatının prezidentinin strateji və idarəetmə üzrə baş müşaviri Daniel Muriel BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O, Beynəlxalq Müstəmləkəçilik Cəbhəsi barədə danışıb və Korsika, Martinika, Polineziya, Bonayre, Sen Martin, Reyunyon və digərlərinin birlikdə bu hərəkatda təmsil olunduğunu deyib.
“Bizim ortaq tariximiz müqavimət tarixidir. Əcdadlarımız zəncirlərlə, sükutlarla üzləşib. Dünya yeni, çoxqütblü dövrə qədəm qoyur, uzun müddət boğulmuş səslər, nəhayət, öz həqiqi yerini tapır. Cəbhə ərazilər arasında siyasi körpü qurmaq niyyətindədir. Beləliklə, müstəmləkə və bloklara daxil olmayan xalqlarımız üçün öz ittifaqımızı, öz diplomatiyamızı, öz kollektiv gücümüzü qurmağın vaxtıdır. Biz öz müqəddəratını təyin etməyə, hüquqlarımızın tam şəkildə həyata keçirilməsinə, yeni, ədalətli institutlar qurmaq qabiliyyətimizə inanırıq. Dünyanın yeni tarazlıqlar axtardığı bir vaxtda biz reallığın qurucusu olmaq istəyirik. Azadlıq qurulur, yaşanır, müdafiə olunur”, - deyə o vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York