Masallı, Cəlilabad və Astara rayonlarında yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb
Masallı-Cəlilabad-Astara, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı, Cəlilabad və Astara rayonlarında polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 5 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı rayon sakini Z.Rəhimov, Cəlilabad rayon sakinləri Y.Şirəliyev və F.Ağayev, Astara rayon sakinləri N.İsmayılova və Ə.Əkbərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.
Saxlanılan şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.