Masallıda karantin rejimi qaydalarını pozaraq yas mərasimi keçirənlər cəzalandırılıblar
Masallı, 8 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəliblər. Yas mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, yas mərasimi dayandırılıb və orada olanlardan 8 nəfəri polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.
Saxlanılanlardan 3 nəfəri Masallı Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.