Masallıda “Oğurlanmış talelər” tamaşası nümayiş etdirilib
Masallı, 24 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Oğurlanmış talelər” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tamaşanın təqdimat mərasimində mədəniyyət işçiləri, müəllimlər, şagirdlər, tələbələr və gənc könüllülər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Xocalı soyqırımı haqqında məlumat verərək, ermənilərin törətdiyi faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.
Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Mərkəzin direktoru, məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyətinin və günahkarlarının üzə çıxarıldığını bildirib.
Sonra Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, eyni zamanda, xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri canlandırılıb. Tamaşa 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Xocalı soyqırımı qurbanlarının qisasını aldıqları səhnələrin əks etdirilməsi ilə başa çatıb.
Tamaşadan sonra iştirakçılar Mərkəzin foyesində nümayiş etdirilən “Xocalı soyqırımını unutma!” adlı sərgi ilə tanış olublar.
Qeyd edək ki, tamaşanın ssenarisi tanınmış yazıçı-publisist Nurəddin Ədiloğluna, quruluşu Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevə məxsusdur.