Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Masallı, 20 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallıda keçirilən onlayn müşavirədə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları iştirak ediblər.
Müşavirədə qeyd olunub ki, Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək.
Yuxarıda adları göstərilən şəhər və rayonların sakinləri iki həftə müddətində zərurət yarandığı hallarda yalnız “SMS” və müvafiq icazələr əsasında evlərindən çıxa bilərlər.
Onlayn tədbirdə çıxış edən Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru, Əməkdar həkim Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durum barədə məlumat verib.
Bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum əlaqədə olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.
Videomüşavirədə Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxış edərək xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqların verildiyini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildirib.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev əkin sahələrinin suyu ilə təminatında çətinliklərin olmadığını, Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimlər arasında xüsusi karantin rejimi ilə bağlı təbliğat işlərinin aparıldığını, şagirdlərin xüsusi karantin rejimi qaydalarına riayət etmələri üçün virtual qaydada olaraq onlara tapşırıq və tövsiyələrin verildiyini vurğulayıblar.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev çıxışında rayonda aqrar sahədə görülən işlər barədə danışıb.
Onlayn tədbirdə, həmçinin Nazirlər Kabinetinin Qərarı ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.