MDB ekspertlərinin Birliyin Minsk mənzil-qərargahında keçiriləcək iclaslarının gündəliyi elan edilmişdir
Minsk, 18 aprel (AZƏRTAC). Aprelin 22-də Belarus paytaxtında MDB-nin İcraiyyə Komitəsində MDB üzvü olan ölkələrin dövlət başçılarının Birlik iştirakçısı olan dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə 1941-1945-ci illərin Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsinin 70-ci ildönümü ilə əlaqədar müraciətinin və MDB üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının bu müraciət haqqında qərarının layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilmişdir.
Müraciətin mətni qəbul ediləndən sonra Qələbənin 70 illiyi ərəfəsində həmin mətnin MDB üzvü olan ölkələrin kütləvi informasiya vasitələrində dərc edilməsi və rəsmi sənəd kimi BMT-də yayılması nəzərdə tutulmuşdur.
Aprelin 23-də Minskdə Birliyin asayiş və təhlükəsizlik sahəsində əməkdaşlığın təmin edilməsi üzrə işçi orqanlarının nümayəndələrinin işgüzar görüşü keçiriləcəkdir.
Ertəsi gün, aprelin 24-də yenə Belarus paytaxtında MDB orqanlarının işçi strukturları rəhbərlərinin Daimi Fəaliyyətdə olan Müşavirəsinin iclası keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk